PDF Oxu

Siyasət

  • 4 185

"Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da uğurla inkişaf edəcək"ŞƏRH - ÖZƏL

"Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da uğurla inkişaf edəcək"ŞƏRH - ÖZƏL

“Gürcüstan və Azərbaycanın eyni coğrafiyada yerləşməsi, bu iki ölkənin tarixi talelərini bir çox zamanlarda oxşar edib. Gürcüstan prezidenti Salome Zurabişvili ölkəmizə səfəri zamanı öz nitqində qeyd etdi ki, gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Prezident İlham Əliyev öz nitqində Azərbaycan və Gürcüstanın bu gün bir çox sahələrdə, xüsusilə qlobal əhəmiyyətə malik meqa layihələrdə iştirakı ilə bağlı məsələlərə əhatəli şəkildə toxundu”. Bu fikirləri SİA-ya politoloq Nəzakət Məmmədova Gürcüstan prezidentinin Azərbaycana səfərini şərh edərkən deyib.O bildirib ki, lakin ölkələrimiz arasında strateji tərəfdaşlığa xələl gətirə biləcək bəzi məqamlar da yer alır ki, bu narahatlıq xüsusən Zurabişvilinin dövlət başçısı seçilməsindən sonra xeyli dərəcədə müzakirə mövzusuna çevrilib: “Məlum olduğu kimi iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinə kölgə salan Cavaxetiyada erməni caniyə büst qoyulması, Tsxinvalidən Ermənistan və Rusiyanı birləşdirən dəhlizin çəkilməsinin gündəmə gəlməsi, Abxaziya dəmir yolunun bərpasına dair fikirlərin ortaya atılması Azərbaycanda narahatlıq yaratmaya bilməzdi. Gördüyümüz kimi bütün bu hadisələrdə “erməni izi” aşkar görünür və Gürcüstanın Ermənistan və Rusiya arasındakı istər quru yol, istərsə də dəmiryolu kommunikasiya əlaqələrində birləşdirici ölkə rolunda çıxış etməsinə çalışılır”.Politoloq söyləyib ki, Çin və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsində iştirak edən və buna Azərbaycanın təşəbbüsü ilə qoşulan Gürcüstanın bu layihədən əldə etdiyi siyasi, iqtisadi, maliyyə dividendi Tsxinvali dəhlizi, yaxud Abxaziya dəmiryolundan daha çoxdur: “Üstəlik, bu, Gürcüstan hakimiyyətinin separatçı Cənubi Osetiya və Abxaziya məsələsinə yeni mövqeyini ortaya qoymuş olardı ki, bunun gürcü cəmiyyətinin özündə belə narazılıqla qarşılanacağı şübhəsizdir. Digər tərəfdən, bu məsələlər ortaya çıxan kimi Gürcüstanda ABŞ-a yaxın olan vətəndaş cəmiyyətləri etirazlarını bildirdilər, çünki Ermənistan-Gürcüstan-Rusiya əməkdaşlığı formatı Rusiyanın Ermənistan və Gürcüstan üzərində təsirini artırmağa, Amerikanın mövqelərini sarsıtmağa yönəlib”.Zurabişvilinin hakimiyyətə gəlməsi dövrünün ABŞ, Avropa Birliyi və Rusiya arasında Cənubi Qafqaz uğrunda geosiyasi nüfuz mübarizəsinin şiddətləndiyi bir dövrə təsadüf etdiyini deyən N.Məmmədova qeyd edib ki, Gürcüstanda parlament üsul-idarəsinə keçiddən sonra əsas səlahiyyətlər parlamentə keçməsi və prezidentin məhdudlaşdırılmış vəzifə daşımasına baxmayaraq, dövlət başçısı postu Salome Zurabişviliyə təşəbbüslə çıxış etmək səlahiyyəti verir.Politoloq vurğulayıb ki, Zurabişvilinin Avropapərəst, lakin Rusiyaya loyal siyasətçi olduğunu güman etmək olar: “Bakıdakı rəsmi qəbulda Azərbaycanın böyük tarixi şəxsiyyəti Əli bəy Hüseynzadəni xatırlaması, Azərbaycanın “Türkləşmə, islamlaşma və avropalaşma” ideyasına rəğbətini bildirməsi də buna bir misal ola bilər. Bir müddət öncə Gürcüstan rəsmilərinin guya enerji mənbələrini şaxələndirmək üçün “Qazprom”la danışıqlar təşəbbüsü də bu qəbildəndir və Gürcüstan qaz bazarında Rusiyaya yaşıl işıq yandırmaqdır. Üstəlik, Gürcüstan Rusiya təbii qazını Ermənistana ötürən tranzit ölkədir və buna görə haqq alır, yaxud qazı güzəştli qiymətə əldə edir. Doğrudur, qeyd etdiyimiz kimi məhdud səlahiyyətə malik Zurabişvilinin bu cür vacib məsələləri həyata keçirməsi mümkün deyil və burada məsuliyyəti ondan daha çox, xanım prezidenti bu posta gətirən Rusiya yönümlü İvanişvili və “Gürcü arzusu” partiyası bölüşür. Salome Zurabişvilinin səfəri ölkələrimiz arasında son dövrdə yaranmış bütün bu narahatlıqlar, anlaşmazlıqlar fonunda labüd idi və Gürcüstan - Azərbaycan münasibətlərinin bundan sonra da uğurla inkişaf etməsi qanunauyğun proses kimi davam edəcək”.

sia.az

Digər xəbərlər