PDF Oxu

Siyasət

  • 4 330

"İnterpol vasitəsilə həmin adamlar tutulub gətirilməlidir" ÖZƏL - ŞƏRH

"İnterpol vasitəsilə həmin adamlar tutulub gətirilməlidir" ÖZƏL - ŞƏRH

"Bu gün xaricdən ölkəmizə qarşı davam etdirilən “söyüş kampaniyası” həm hüquqi müstəvidə, həm də Azərbaycan vətəndaşlarının ictimai qınağı vasitəsilə aradan qaldırılır. Təbii ki, söyüş kampaniyasında olanlar heç öz doğma valideynlərini eşitmirlər. Xarici təşkilatlar qrantları məhz o söyüşə görə verirlər. Çünki onlarda hər hansı bir təhlil aparmaq qabiliyyəti, təklif vermək qabiliyyəti və hər hansı bir məsələyə münasibət bildirmək düşüncəsi yoxdur. Bunlar Dağlıq Qarabağda törətdiyi cinayətlərə, soyqırımılarına görə Ermənistana qarşı bir kəlmə də olsun əks fikir söyləməyiblər. Əgər fikir söyləsələr dərhal qrantları kəsiləcək. Bu baxımdan da əksinə, Ermənistanı təbliğ edərək guya orada demokratik ab-havanın yüksək səviyyədə olması barədə absurd fikirlər söyləmələri və insanlara müraciət etmələri Azərbaycan xalqı tərəfindən nifrətlə qarşılanır. Hesab edirəm ki, ilk növbədə onlar öz çıxışlarında anti-dövlət, anti-milli fikirlər (silah yolu ilə üsyan, çevriliş etmək və s.) səsləndiriblər. Təbii ki, bunlar hamısı Cinayət Məcəlləsinə tövsif olunur". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.YAP İcra katibinin müavinin sözlərinə görə, bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prokurorluğu cinayət işi qaldırmalıdır və İnterpol vasitəsilə həmin adamların tutulub gətirilməsi təmin olunmalıdır: "Necə ki, bu proses artıq davam edir. Eləcə də onların Azərbaycan məhkəmələri qarşısında cavab verməsi təmin olunmalıdır. İkincisi, həmin ölkələrdə fəaliyyət göstərən və Azərbaycanda olan səfirliklərə müraciət olunmalıdır. Soruşulmalıdır, əgər onların hər hansı bir vətəndaşı Azərbaycan ərazisindən öz dövlətlərinə qarşı “söyüş kampaniyaları” aparardılarsa, onlar hansı addımı atardırlar? Hesab edirəm ki, bu məsələlər onların diqqətinə çatdırılmalıdır. Üçüncü yol isə ictimai qınaqdır. Azərbaycan xalqı kifayət qədər savadlı xalqdır. Azərbaycanın kifayət qədər tanınmış insanları var. Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü oldu. Orada qaldırılan məsələlərin hər biri dərhal öz həllini tapdı. Amma bu günə qədər xaricdə oturanlar hələ bir məsələ qaldırmayıblar. Onlar ağızları söyüşlə açılıb-bağlanır. Guya ölkə dağılır, burada inkişaf yoxdur və s. Amma xaricdən ölkəmizə gələnlərin hər biri görür ki, Azərbaycanda nə qədər inkişaf vardır. Heç şübhəsiz ki, onların burada oturan əlaltıları – “sapı özümüzdən olan baltaları” da qaldırılan məsələlərin öz həllini tapmasına görə əndişələnirlər. Əfv olunacaq şəxslərlə bağlı artıq Əfv Komissiyası işləyir. Siyasi baxışlarından asılı olmayaraq cinayət törətmiş şəxslər bu və ya digər şəkildə öz peşmançılıqları ilə əlaqədar müraciət edirlər. Əfv Komissiyası bu məsələlərə baxır.Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bu addımlar davamlı olaraq atılıb. Bu gün 70-dən artıq əfv, 13-ə yaxın amnistiya aktı qəbul olunub. Sonuncu amnistiya aktı da ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuşdu ki, bu da 10 mindən artıq insana şamil edilmişdi. Yəni bunlar hamısı Azərbaycanda olub. Onları narahat edən nədir? Bunlar o adamların adından və ailə üzvündən istifadə edirlər. Amma həmin insanlar azadlığa çıxdığı halda onlarla maraqlanmırlar. Çünki həmin insanlar bunlar üçün istifadə qaydasıdır və ondan da kifayət qədər gəlir əldə edirlər. Məsələn, keçmişdə Leyla Yunus və bir qrup hüquq-müdafiə təşkilatları var idi ki, onlar bu və ya digər şəkildə cinayət törətmiş şəxslərdən pul alaraq guya onların adını siyahıya salıb “siyasi məhbus” adı altında Avropaya, başqa-başqa yerlərə göndərəcəkdilər. Hətta bundan sui-istifadə edən bəzi vəkillər də var idi. Onlar şantaj yolu ilə insanların guya azadlığa buraxılmasına çalışmaq istəyirdilər. Həmin metod bu gün Azərbaycanda müxtəlif qurumların və siyasi partiya rəhbərlərinin “çörək ağacı”na çevrilib. Bu məsələ də yaxın vaxtlarda Azərbaycanda öz həllini tapacaq. Onlar qəsdən qızışdırırlar ki, dövlət buna getməsin. Çünki dövlətin bu cür addımlar atması onlara sərf etmir”.

sia.az

Digər xəbərlər