"2019-cu il Azərbaycan tarixinə qızıl həriflərlə yazılacaq. Yəni bu bizim elə bir tariximiz olacaq ki, gələcəkdə bu fenomen üzərində, cənab Prezidentin bu inqilabi addımları üzərində bir tədqiqat işləri aparılacaq. Əslində bunun səbəbi, mahiyyəti və kökü nədən ibarətdir? İllər boyu möhtərəm cənab Prezident müstəqilliyin ən gözəl dəyərlərindən istifadə edərək ölkənin iqtisadi gücünün qaldırması istiqamətində uğurlu işlər aparır. Məhz onun nəticəsidir ki, insanlar bu gün problemli kreditlərlə əlaqəli çox böyük mənəvi və maddi yükdən azad oldu. Bu cənab Prezidentin iradəsi ilə hazırlanmış bir layihənin tərkib hissəsi olaraq düşünülmüş plan idi". Bunu SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.Deputatın sözlərinə görə, Azərbaycan qloballaşan dünyanın bir tərkib hissəsidir: "Ona görə də dünyada baş verən iqtisadi kataklizmlər, inflyasiya və devalvasiya ölkəmizə də təsirsiz ötüşmədi. Təbii ki, həmin vaxtı insanların banklara çıxışı rahat idi. İnsanlar sosial məişət problemlərinin həlli üçün banklara müraciət edirdilər və kredit götürürdülər. Ancaq təəssüflər olsun ki, dünyada baş verən iqtisadi kataklizmlər ölkəmizə təsir etdi. Bundan da insanlarımız əziyyət çəkirdi. Həm maddi, həm də mənəvi yükün olması insanların sanki həyat tərzinə bir rəng qatmışdı. Beləcə insanlar narahat idi və bu narahatçılığın çözüm yolları axtarılırdı. Bildiyiniz kimi, 2016-cı ildən etibarən çox ciddi islahatlar üçün addımlar atılmağa başlanıldı. 2017-ci il ağır bir il idi amma ölkəmiz bu ağırlığı dəf edə bildi. Yeni iş yerlərinin yaradılması və məşğulluq problemi üçün yeni strategiya işlənib hazırlandı. Kənd təsərrüfatı qısa müddət ərzində artıq ixracyönümlü məhsullar istehsal etməyə başladı. Məsələn, bu gün Azərbaycanın kənd təsərrüfatı məhsulları yaxın qonşu ölkələrə, xaricə idxal olunur. Bütün bunlar ölkəyə əlavə valyutanın daxil olması üçün şərait yaratdı. Bu gün ölkə əhalisinin dördə bir hissəsi cənab Prezidentin vermiş olduğu Fərman və Sərəncamlardan yararlanır”.
sia.az