“Martın 29-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dövlət başçıları arasında görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk rəsmi görüşdür. Buna qədər onlar Düşənbədə, Sankt-Peterburqda və Davosda qeyri-rəsmi görüşüblər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.Politoloq bildirib ki, Paşinyanın formatı dəyişmək cəhdinin iflasa uğraması, onun danışıqlar masasına qayıtması baxımdan diqqəti cəlb edir: “Bildiyiniz kimi artıq Vyana səfəri Ermənistanın təxribatı ilə müşahidə olundu. Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs yenə də intensiv şəkildə pozulub, hərbi qulluqçumuz şəhid oldu. Bu da onu göstərir ki, Ermənistan təxribatdan əl çəkmək fikrində deyil”.N. Məmmədova qeyd edib ki, qoşunların təmas xəttində atəşkəsə riayət etməyən dövlət danışıqlar masasında da konstruktiv mövqe tutmaq fikrində deyil: “Odur ki, Vyana görüşündən hər hansı bir həlledici nəticə gözləmək üçün məncə əsas yoxdur”.Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
sia.az