PDF Oxu

Siyasət

  • 7 910

Dövlətdən KİV-lə bağlı möhtəşəm və gözlənilən qərar! ANALİTİK

Dövlətdən KİV-lə bağlı möhtəşəm və gözlənilən qərar! ANALİTİK

Mətbuatın inkişafı, jurnalistlərin sosial şəraitlərinin, çap və internet mediasının maddi imkanlarının yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir

Kifayət qədər zəngin və tarixi yollar keçən Azərbaycan bu gün də özünün yüksəliş dövrünü yaşamaqdadır. Belə ki, müasir və müstəqil ölkə mətbuatının yeni inkişaf mərhələsinin təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman medianın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib, o cümlədən, mövcud sahə ilə bağlı fərmanlar imzalanıb, böyük işlər həyata keçirilib. Belə ki, 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi” haqqında fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub ki, məhz bu mühüm fərman dövlətin mətbuata verdiyi önəmin bariz sübutlarındadır. Əslində, Azərbaycan mətbuatına verilən dəyər həmin ildən bir il öncəyə təsadüf edir. Hələ 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edib. Məhz həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara əlverişli imkanlara cavab verən kreditlər ayrıldı. Söz yox ki, Ümummilli Lider Heydər Əliyevin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Belə ki, O, 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Prezident İlham Əliyev tərəfindən uğurla, eləcə də ardıcıllıqla davam etdirilən media siyasəti
Artıq bu gün müstəqil və müasir ölkə mətbuatının formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla, eləcə də ardıcıllıqla davam etdirilir. Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkəmizin artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. O da əbəs deyil ki, ölkə başçımızın 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlar olaraq ehtiva edilməkdədir. Eləcə də, milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.Eyni zamanda, milli mətbuatımızın yubileylərinin təntənə ilə keçirilməsi artıq hər bir jurnalist üçün xoş ənənəyə çevirib. Cənab İlham Əliyev milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamı 2005-ci il iyunun 20-də imzaladı, mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edildi, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü.Milli mətbuatımızın 135 illiyi də böyük təntənə ilə qeyd edilib. Bu dəfə də mətbuat nümayəndələri fəxri adlara və mükafatlara layiq görülüblər, kütləvi informasiya vasitələrinə maddi yardım ayrılıb. Mətbuat Şurası üçün yeni binanın ayrılması, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısında çıxışı bir daha bu həqiqəti təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir.

Dövlət başçısının mətbuata qayğısının bariz təzahürləri

Dövlət başçımızın Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.2013-cü il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa edilən ikinci binanın təməlqoyma mərasiminə də qatılıb. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il noyabrın 24-də ikinci dəfə “Jurnalistlərin dostu” seçilib.2015-ci il iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda və respublikamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib.2016-cı il iyulun 21-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər sərəncama əsasən isə, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan KİVDF-yə üç milyon manat ayrılıb.2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı. Məhz bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev 2017-ci ildə də “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.Dövlətimizin başçısının mətbuata qayğısının daha bir təzahürü ötən il iyulun 16-da Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalamasıdır.
KİVDF medianın tərəqqisi naminə bir sıra uğurlu fəaliyyətləri ilə jurnalist cameəsini sevindirməkdə davam edir
Onu da qeyd edək ki, bu gün KİVDF-nin fəaliyyəti də bilavasitə Prezident İlham Əliyevin Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğının təzahürü olaraq qiymətləndirilir. Yeri gəlmişkən, yaxınlarda KİVDF-nin yaranmasının 10-cu ildönümü təntənə ilə qeyd olundu və bu qurum hazırkı dövrdə də medianın tərəqqisi naminə bir sıra uğurlu fəaliyyətləri ilə jurnalist cameəsini sevindirməkdədir. Belə ki, bugünlərdə KİVDF-nin müşahidə şurasının iclası keçirilib və həmin iclasda 25 qəzetə maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul edilib.Bu, eyni zamanda onu göstərir ki, zaman-zaman bəzi qaragüruhçular danılmaz fakt qarşısında qaldılar. Belə ki, bir müddət öncə, yazılı mətbuatın guya sıradan çıxarıldığını iddia edənlər indi qəzetlərin fəaliyyətinə diqqətin artırıldığının şahidlərinə çevrilməkdədirlər.

KİVDF güzəştli və humanist yanaşma nümayiş etdirərək ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya bölünərək, maliyyələşdirilməsi qərarını verdi!


Beləliklə, sözügedən qərarla bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.İcraçı direktor qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. Qeyd olunub ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir.V.Səfərli bildirib ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur.II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır.III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.İcraçı direktor sonda vurğulayıb ki, yeni şərtlərə əsasən qəzetlərə ayrılacaq maliyyə yardımının əsaslı şəkildə artırılması nəzərdə tutulur.

KİVDF dövlətin yürütdüyü uğurlu media siyasətinin icraçısı olaraq, bu kimi qərarlarla ölkə mətbuatının inkişaf və tərəqqisinə stimul verir!


Onu da qeyd edək ki, Müşahidə Şurasının üzvləri bu qərarı qəzetlərin mənafeyinə tamamilə cavab verən güzəştli, humanist və optimal yanaşma kimi dəyərləndiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov çıxış edərək vurğulayıblar ki, yeni təkliflər əsasında ayrılan maliyyə vəsaitinin məbləğinin əsaslı şəkildə artımı qəzetlərdə çalışan çoxsaylı jurnalistlərin də mənafeyinə cavab verən məqsədəmüvafiq addımdır.Beləliklə, bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitlərinin, çap və internet mediasının maddi imkanlarının yaxşılaşdırılması hər zaman dövlətin, xüsusilə Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz KİVDF də, bu siyasətin icraçısı olaraq, bu kimi qərarlarla ölkə mətbuatının inkişaf və tərəqqisinə stimul verir. Artıq bu gün hər bir mətbuat təmsilçisi bilir ki, dövlət daim onun yanındadır.

sia.az

Digər xəbərlər