“Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vyana görüşündən sonra ölkəsinə qayıtdıqdan sonra yenə də qeyri-adekvat çıxışlar etməyə başlayıb. Onların separatçı rejimin danışıqlara cəlb olunması ilə bağlı iddiaları iflasa uğrasa da, yenə üçüncü obyekt kimi separatçıları görmək istəyir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.O bildirib ki, çox böyük güclər, özlərini Qərbin ən aparıcı demokratik gücü hesab edən Avstriya kansleri də Dövlət başçısı İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh yolunun seçilməsini daha düzgün istiqamət bildi: “Azərbaycan sülh tərəfdarıdır. Amma hərb variantı da istisna deyil. Həm regional, həm də qlobal aktorlar başa düşməlidir ki, əgər müharibə alovlansa, onun qarşısını almaq çox çətin olacaq. Müharibənin başlanması region üçün böyük problemə çevriləcək. Hesab edirəm ki, bunu da nə Qərb, nə də yaxın qonşular istəmir”.A. Nağıyevin sözlərinə görə, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycan qədər istəyən ikinci dövlət yoxdur: “Çünki, hər bir ölkənin burada həm siyasi, həm də digər maraqları var. Azərbaycan masa arxasında diktə edən tərəfdir. İlk atılacaq addım işğal olunan ərazilərin azad edilməsidir. Yalnız bundan sonra substansiv danışıqları davam etmək olar. Azərbaycan bütün beynəlxalq qanun normalara, prinsiplərə sadiqdir. Azərbaycan işğal olunmuş torpaqlarını geri istəyir. Bəs o zaman Ermənistan nə istəyir? Bu suala cavab tapmaq lazımdır. Əks halda havadan barıt qoxusu gəlir”.
sia.az