"Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı zaman-zaman sərt addımları var". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, Müdafiə naziri Zakir Həsənov bu yaxınlarda ordumuza tam hazır vəziyyətdə olmağı və Ermənistanın təxribatlarının heç birinə göz yummağı əmr etdi: "Elmar Məmmədyarovla anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq fikri ilə Zakir Həsənovun əmri bir-biri ilə əlaqəlidir. Çünki Azərbaycan XİN rəhbəri Moskvada idi və Moskvada gözlənilirdi ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Zöhrab Mnasakyan görüşü olacaq. Amma bu görüş baş tutmadı. Yəni Ermənistan tərəfi danışıqlardan qaçır. Ermənistan baş naziri Nikol Paşinyanın da verdiyi bəyanatlar göstərir ki, Paşinyan Vyana görüşündən əvvəlki mövqelərinə qayıdır. Hansı ki, Vyana bəyanatı təkcə Azərbaycanın mövqeyi deyil. Düşünürəm ki, yaxın vaxtlarda hökmən hərbi toqquşmalar olacaq. Nəzərə alınmalıdır ki, Ermənistanın müdafiə naziri David Tonoyan deyir ki, “biz hökmən səngərdən çıxmalıyıq və yeni torpaqlar əldə etməliyik”. Ona görə də erməni təxribatı gözlənilir. Burada hərbi təxribatdan söhbət gedir. Bizimkilər onlara layiqli cavab verəcək. Ermənistan tərəfinin dialoqdan yayınması, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə verdiyi vəddən imtina etməsi müharibəni labüd edir”.
sia.az