"Vyana görüşünə böyük gözləntilər ola bilməzdi. Çünki, Paşinyanın görüş ərəfəsində verdiyi bəyanatlar bizi optimist dalğaya yaxınlaşdıra bilmədi" .Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Görüşlə bağlı müsbət məqamın yalnız formatın dəyişməz olaraq qalması ilə bağlı olduğunu deyən politoloq söyləyib ki, Paşinyan müxtəlif iddialar səsləndirsə də sonda stol arxasında oturmağa məcbur oldu.Onun sözlərinə görə, danışıqlar formatının dəyişməz qalması bütün məsələlərin bitdiyi və həll edilməsi anlamına gəlmir: " Təbii ki, XİN başçılarına müəyyən təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar verilib. Amma görünən odur ki, hazırda Ermənistan baş naziri Nikol Paşinyan qütblər arasında qalan elementə çevrilib. Bir tərəfdən keçmiş hakimiyyət nümayəndələri Paşinyana Azərbaycana təslim olmaması üçün təzyiqlər edir, digər tərəfdən də o, hələ də Rusiya ilə Qərb arasında çapalayır. Paşinyan ya Qərb ölkələrinə gedib onlardan sığortalanmağa çalışır, digər tərəfdən də Rusiyanın onun arxasında duran böyük qüvvə olduğunu anlayaraq Gümrüyə hərbi bazaya getməklə Rusiyadan imtina etmədiyini göstərmək istəyir".F. Sadıqov düşünür ki, Ermənistan tərəfindən Rusiya ilə bağlı addımlar Moskvanı qane etmir: "Çünki, Rusiya anlayır ki, atılan addımlar sadəcə bir oyun və jestdir. Bir sözlə ifadə etsək, deyə bilərik ki, Paşinyan hələ də ölkədəki proseslərə tam nəzarət edə bilmir. Çünki, o zəifdir. Siyasi təcrübəsi olmayan Paşinyan başqalarının qarşısında özünə bəraət qazandırmağa məcburdur. Bundan başqa müdafiə naziri sərsəm bəyanatlar səsləndirir, ölkəmizə qarşı məntiqsiz çıxışlar edir. Bunun özü göstərir ki, Ermənistanda hələ də yetişmiş, formalaşmış hökumət qurulmayıb".Ermənistanda qalmaqallı vəziyyətin yaşandığını dilə gətirən politoloq vurğulayıb ki, hazırkı vəziyyətdə düşmən ölkədən münaqişə ilə əlaqədar real nəticələr gözləmək, problemin sülh yolu ilə həllinə inanmaq çox çətindir: "Ona görə ki, onların arxasında dayanan xarici qüvvələr problemin həllində maraqlı deyillər. Rusiyanın özü belə Paşinyana etibar etmir. Biz lazım olan məsələ Ermənistana təzyiqin edilməsidir. Amma hazırda bu istiqamətində addımlar atılmır. Belə olan halda, öz torpaqlarını hərbi yolla azad etmək istiqamətində hazırlıqlarını davam etməlidir. Heç bir iqtisadi irəliləyə malik olmayan Ermənistan hazırkı vəziyyəti davam etdirəcəksə, o zaman hərbi yola hazır olmalıdır. Azərbaycanın uzun müddət gözləmək niyyəti yoxdur".
sia.az