PDF Oxu

Siyasət

  • 3 602

“Xarici sərmayələrin yüksək səviyyədə qorunması Azərbaycanın cəlbediciliyini artırır”

“Xarici sərmayələrin yüksək səviyyədə qorunması Azərbaycanın cəlbediciliyini artırır”

Prezident İlham Əliyev Pekində bir sıra aparıcı şirkətlərin rəhbərləri ilə görüşüb

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində “Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Huawei” şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi və onlara yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham Əliyev “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi, bu şirkətin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu qeyd etdi. Həmçinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “Huawei” şirkətinin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirdi. Azərbaycan ilə “Huawei” arasında əməkdaşlıq baxımından böyük perspektivlərin olduğunu deyən dövlətimizin başçısı bu şirkətin “Bakutel” sərgisində ənənəvi iştirakından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev İKT sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan danışdı, bu sahədə “Huawei” ilə əməkdaşlığın perspektivli olduğunu bildirdi.

Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy aprelin 24-də Pekində Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə əlaqədar niyyət protokolunun imzalandığını bildirdi. Bundan əvvəl də ölkəmizdə müxtəlif sahələrə dair bir neçə layihəni həyata keçirdiklərini deyən Cao Huy Azərbaycandakı investisiya mühitindən, xarici sərmayədarlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğuladı və buna görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının ölkəmizdə prioritet sahə olduğunu deyərək dünən müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənədin imzalandığını, bununla da Azərbaycanın sənaye sahəsinə çoxlu sərmayənin yatırılacağını bildirdi. Sumqayıt Kimya Sənaye Parkında xüsusi vergi rejimlərinin tətbiq edildiyini, bunun isə xarici sərmayədarlar üçün daha cəlbedici olduğunu deyən dövlətimizin başçısı “China National Electric Engineering” şirkətinin növbəti rezident kimi Kimya Sənaye Parkında öz müəssisəsini yaratmasını yüksək qiymətləndirdi, bu müəssisənin Azərbaycanın ixrac imkanlarını artıracağını bildirdi. Dövlətimizin başçısı ölkəmizdə yaxşı sərmayə imkanlarının olduğunu, Dünya Bankının “Doing Business” hesabatına görə Azərbaycanın 32 pillə irəliləyərək dünyada ən çox islahat həyata keçirən 10 ölkə sırasında olduğunu vurğuladı. Bununla da Azərbaycanın böyük tərəqqiyə nail olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə xarici sərmayələrin yüksək səviyyədə qorunduğunu, bunun xarici investorlar üçün ölkəmizin cəlbediciliyini artırdığını vurğuladı.

Həmin gün Prezident İlham Əliyev aprelin 25-də Pekində “China Poly Group” Korporasiyasının sədri Su Nianşa ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, korporasiyanın sədri Su Nianşa Dünya İqtisadi Forumu çərçivəsində Davosda Azərbaycan Prezidenti ilə görüşünü xatırlayaraq bu görüşün onda böyük təəssürat yaratdığını bildirdi. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq qurduğunu və ölkəmizdə fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını söylədi.

Prezident İlham Əliyev Azərbaycanda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd etdi. Son illərdə turizm sektorunda böyük inkişafın və artımın müşahidə edildiyini deyən dövlətimizin başçısı viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi sayəsində Çindən ölkəmizə turist axınının sürətləndiyini bildirdi. Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Digər xəbərlər