“Bakıda keçirilən və əsasən uğurla gedən beynəlxalq qran-pri yarışları Azərbaycanın dövlətlərarası böyük tədbirlər keçirməkdə yetərli təcrübə sahibi olduğunu növbəti dəfə sübut etdi. Belə beynəlxalq tədbirlərə dövlət strukturları ilə yanaşı cəmiyyətimizin də hərtərəfli hazır olması diqqətləri cəlb edən əhəmiyyətli cəhətdir ”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.O bildirib ki, son illərdə Azərbaycanın ən müxtəlif təmayüllü beynəlxalq tədbirlər keçirməklə bir tərəfdən dünya birliyinə sıx inteqrasiya üçün hər cür göstəricilərə malik olduğunu nümayiş etdirir, digər tərəfdən isə sözügedən təmayüllərin hər biri üzrə yüksək inkişaf nailiyyətləri əldə etdiyini göstərir.Ekspertin fikrincə, əgər həqiqətən də bu gün Azərbaycan Formula 1 kimi spesifik, Avropa idman oyunları kimi universal yarışları uğurla keçirə bilirsə, bu o deməkdir ki, ölkədə idmanın inkişafı əhəmiyyətli bir mərhələyə gəlib çatıb: “Çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi ölkənin inamlı və cəsarətli olduğunu ifadə edir. Bu isə iqtisadi gücə, sabitliyə, möhkəm təhlükəsizliyə və vətəndaş həmrəyliyinə söykənir. Hər bir beynəlxalq tədbir ölkəmiz üçün yeni tanınma şansları açır. Azərbaycan dünyada nə qədər çox sayda insana və dövlətə məqbul nöqteyi-nəzərdən tanına bilsə beynəlxalq nüfuzu və mövqeyi bir o qədər möhkəm olar”.A.Quliyev söyləyib ki, Azərbaycanın dünyada geniş idman, humanitar və hərbi-təhlükəsizlik platformaları üçün etibarlı məkana çevrildiyinə dair saysız faktlar göstərmək olar: “Uğurlu beynəlxalq tədbirlər Azərbaycan dövlətinin çox mühüm özünütəsdiq üsullarından birinə çevrilməkdədir. Dövlətimiz mühüm tranzit məntəqə, beynəlxalq nəqliyyat dəhlizlərinin müəllifi, enerji layihələrinin sahibi, qeyri-neft modelini uğurlu yaradan ölkələrdən biri, NATO və Rusiyanın dialoq, multikulturalizm məkanı kimi tanınır. Mühüm beynəlxalq tədbirləri də əlavə etsək mənzərə tamamlanır və beynəlxalq idman, humanitar, təhlükəsizlik tədbirləri Azərbaycanı tanıdan möhkəm brendlərdən birinə çevrilir. Bu, hamının qürur duya biləcəyi məqamdır”.
sia.az