“Din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən 3 termindən (anlayışdan) istifadə edilir: birincisi dini tərbiyə, ikincisi dini təhsil, üçüncüsü dinlə bağlı tədris. Dini tərbiyəni yalnız ailə verə bilər, dövlət dini tərbiyə verə bilməz. Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər”. Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.Sədr müavinin sözlərinə görə, dinlə bağlı tədris isə dinin yox, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nə dünyəviliyə, nə də Konstitusiyaya ziddir: “Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını Ali məktəb yetişdirir. Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağlı zəruri biliklər verir. Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minimum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə başqaları verəcək amma dövlətin maraqlarına zidd şəkildə. Artıq proses başlanılıb. Orta məktəblərdə “Həyat” bilgisi fənni tədris edilir. Onun bir məqsədi də dini bilikləri verməkdir. Burada pis nə var ki, Yaxud burada başa düşülməyəcək nə var ki?!”.
sia.az