PDF Oxu

Siyasət

  • 6 217

Məcburi köçkünlərin və qaçqınların həyat şəraiti yüksəlir

Məcburi köçkünlərin və qaçqınların həyat şəraiti yüksəlir

Mehriban Əliyeva: “...qaçqın və köçkün həyatı sürməyə məcbur olan soydaşlarımızın problemlərinin həlli bizim ən böyük vəzifəmizdir”

Sürətli sosial-iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycanın əldə etdiyi uğurlar, tərəqqi hər bir vətəndaşın həyatında hiss olunur və insanların rifah halı günü-gündən yaxşılaşır. Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də, büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, vaxtaşırı artırılması və bu qəbildən olan digər tədbirlər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm amillərdir. Azərbaycan məcburi köçkünlərin və qaçqınların sosial problemlərinin həllini də daim ön planda saxlayır.

Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşü zamanı vurğuladığı kimi: “Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Son illərdə mən görürəm ki, müsbət dinamika var. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil təhvil veriləcək”.

2018-Cİ İLDƏ 5903

MƏCBURİ KÖÇKÜN

AİLƏSİ YENİ MƏNZİLLƏRƏ KÖÇÜRÜLÜB

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 2017-ci ilin martın 9-da keçirilən müşavirə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuşdur. Həmin müşavirədə Mehriban xanım Əliyeva görülən işlərlə nəzər salınmaqla yanaşı, mövcud problemlərin də olduğunu da diqqət çəkmişdir. Belə ki, bu gün respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirmişdir. Həmin dövrdə respublika üzrə 636 min məcburi köçkündən 217 min nəfəri Bakı şəhərində müvəqqəti məskunlaşırdı. Paytaxtımızda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən, 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayıdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva diqqətə çatdırılan mövcud problemlərin, qeyd olunan məsələnin qısa zamanda həll etmək üçün birgə çalışmağın vacibliyini bildirmişdi: “Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir... Biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir”.

Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub.

“BİZ GƏRƏK ÖZÜMÜZ ÜÇÜN PROQRAM YARADAQ Kİ,

BÜTÜN BU MƏSƏLƏLƏRİ

ARDICIL OLARAQ HƏLL EDƏK VƏ BÜTÜN

SOYDAŞLARIMIZI

NORMAL YAŞAYIŞ ŞƏRAİTİ İLƏ TƏMİN EDƏK”

Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə tanış olan Mehriban xanım Əliyeva “Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm”- deyərək onların problemlərini öyrənmək məqsədi olduğunu bildirib: “Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün pansionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə özüm də bütün pansionatları gəzəcəyəm”.

Dövlətimizin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Mehriban xanım Əliyeva görüşü zamanı onların çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqlarını bildirib: “Mən xüsusi olaraq gəlmişəm ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm Prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram”.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BÖYÜK

DİPLOMATİK SİYASƏTİ,

QƏTİYYƏTİ NƏTİCƏSİNDƏ TORPAQLARIMIZ GERİ

ALINACAQ

Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksində olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva burada da qəsəbə sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyərək, onların həlli istiqamətində tapşırıqlarını verib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində daim ardıcıl işlər aparıldığını və bu qəbildən olan soydaşlarımızın problemlərinin həmişə dövlətin diqqət mərkəzində dayandığını vurğulayıb: “Qarabağ problemi ölkəmizin ən böyük problemidir və daim Prezidentin diqqət mərkəzindədir. Bu münaqişə və torpaqlarımızın işğal altına düşməsi nəticəsində qaçqın və köçkün həyatı sürməyə məcbur olan soydaşlarımızın problemlərinin həlli bizim ən böyük vəzifəmizdir. Buraya gəlməmişdən əvvəl Bakıda yataqxanada məskunlaşmış soydaşlarımızla görüşdüm. Çox acınacaqlı, təhlükəli vəziyyətdə yaşayırlar. Onların hamısını normal ev şəraiti ilə təmin etmək dövlətimizin, Prezidentimizin, şəxsən mənim ən vacib vəzifəmizdir. Bu istiqamətdə bütün lazımi işlər görülüb və görülür. İndiyədək 300 mindən çox soydaşımız evlə təmin olunub, 103 yeni qəsəbə, şəhərcik salınıb. Şəhərcik təkcə evlərdən ibarət deyil, onu yaratmaq üçün infrastruktur - məktəblər, bağçalar tikilib, su, qaz, işıq xətləri çəkilib, asfalt yollar salınıb. Amma, yenə də hələ ki, ağır vəziyyətdə yaşayan insanlarımız var və onların həyatının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik. Bu gün belə bir gözəl qəsəbədə olmağıma görə çox şadam. Xatırlayıram ki, buranın açılışında bərabər iştirak etmişdik. Görürəm ki, siz çox gözəl, rahat şəraitdə yaşayırsınız. Arzum odur ki, hər bir qaçqın və köçkün məhz belə şəraitdə yaşasın. Biz buna nail olacağıq”.

Heç şübhəsiz ki, bütün bunlar məcburi köçkün və qaçqınlar üçün yaradılan müvəqqəti yaşayış üçün gözəl şəraitdir. Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik siyasəti, qətiyyəti nəticəsində torpaqlarımız geri alınacaq. Azərbaycanın tarixində böyük qələbə olan Aprel döyüşləri - Lələtəpənin, Talış yüksəkliklərinin azad olunması dünyaya bir daha Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin qüdrətini göstərdi. Bu qələbə bütün dünyaya bir mesaj oldu. Hər bir Azərbaycan övladı torpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır.

Təbii ki, görülən işlər, davamlı səylər nəticəsində, ölkəmizin ərazi bütövlüyü yaxın zamanda bərpa ediləcək. İşğaldan azad olunacaq ərazilərdə Azərbaycan dövlətinin öz imkanları hesabına həyat tamamilə yenidən qurulacaq, məcburi köçkün olan soydaşlarımız öz ata-baba yurdlarına qayıdaraq, doğma torpaqlarında yaşayacaqlar. Bu zaman onlar yenə dövlətin xüsusi qayğısı ilə əhatə ediləcək və bütün sosial problemləri öz həllini tapacaq. Mehriban xanım Əliyeva “İnşallah Qarabağda biz eyni belə gözəl mənzillərdə görüşək”, - deyərək məcburi köçkün və qaçqınlarla sağollaşıb.

Buna hər kəs inanır və Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər