PDF Oxu

Siyasət

  • 4 578

İlham Əliyev: “İslahatlara alternativ yoxdur”

İlham Əliyev: “İslahatlara alternativ yoxdur”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirdi. “İslahatlara alternativ yoxdur”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur.

Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlətimizin başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu dedi. Qeyd etdi ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkə arasındadır. İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini deyən Prezident İlham Əliyev minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını bildirdi, problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problemin həll olunduğunu vurğuladı:

“Bu ilin yanvar ayında 2018-ci ilin yekunlarını müzakirə edərkən mən əminlik ifadə etdim ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olacaq. Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Çox ciddi Fərman idi və onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsi dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacaq. Artıq vəsaitin verilməsi prosesi başlamışdır. Əlbəttə ki, islahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq. Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək.

İlin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki, biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik.

Son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Büdcə daxilolmalarının artımı əminəm ki, ilboyu müşahidə olunacaq. Çünki aparılan islahatlar və yeni yanaşma prinsipləri bunu deməyə əsas verir. Beləliklə, bizdə əlavə maliyyə resursu formalaşacaqdır.

İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir - 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb.

Biz burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır. Sərmayənin cəlb edilməsi əlbəttə ki, hər bir ölkə üçün çox önəmli məsələdir, o cümlədən bizim üçün. Əgər əvvəlki illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir. Çünki Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, Azərbaycana sərmayə qoyuluşunun perspektivləri üçün apardığımız islahatlar başlıca rol oynayır. Bildiyiniz kimi, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcəkdir.

Beləliklə, əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək.

Digər önəmli məsələ problemli kreditlərlə bağlı idi. Bu məsələ Azərbaycanda ən yüksək səviyyədə həll olundu. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl, neftin qiymətinin kəskin, təqribən 4 dəfə düşməsi nəticəsində neft ixrac edən ölkələr böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə milli valyuta qiymətdən düşdü, o cümlədən Azərbaycanda. Bu, qaçılmaz hal idi. Ancaq biz qısa müddət ərzində vəziyyəti sabitləşdirə bildik. 2016-2017-ci illərdə iqtisadi və makroiqtisadi sabitliyin təmin edilməsi üçün addımlar atıldı. Baxmayaraq ki, o illərdə inflyasiya yüksək səviyyədə idi. Ancaq biz vəziyyəti sabitləşdirə bildik və beləliklə, inkişaf üçün zəmin yaratdıq. Təbii ki, bizim iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk növbədə, vətəndaşları narahat edən bu məsələni həll etdik, özü də ən yüksək səviyyədə. Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub. Nə üçün? Ona görə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik. Beləliklə, 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu. Yəni, kompensasiyaların verilməsi prosesi başlamışdır və əminəm ki, qısa müddət ərzində başa çatacaqdır.

Digər məsələ vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı idi. Çoxmənzilli binalarda yaşayan vətəndaşlar əziyyət çəkirdilər, çünki o binalarla bağlı sənədləşmə işləri aparılmamışdır, müəyyən çatışmazlıqlar var idi. Ona görə bu məsələ ilə bağlı da Fərman imzalandı və indi komissiya işləyir. Artıq evlərin, mənzillərin sənədləşməsi prosesi başlamışdır. Mən bu yaxınlarda göstəriş vermişdim ki, bu işlər daha da sürətlə getsin və o qüsurlar tezliklə aradan qaldırılsın, bu məsələ də öz həllini tapsın.

Beləliklə, görülən bu işlər nəticəsində üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb. Gələcəkdə biz bu istiqamətdə addımlarımızı atacağıq. Əminəm ki, qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək. Tam əminlik var. Ölkə uğurla inkişaf edir.”

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən dövlətimizin başçısı bildirdi ki, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həll olunmalıdır.

“Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur”, - deyə Prezident bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. “Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək”, - deyə Prezident vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək:

“Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək”.

Dövlətimizin başçısı vurğulayıb ki, minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək.

Sonra Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev görülən işlərlə bağlı məruzə etdilər.

Prezident İlham Əliyev yekun nitqində hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını, ölkədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini bildirdi. Dövlətimizin başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışdı. Son 15 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradıldığını, əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələnin fəsadlarının uğurla aradan qaldırıldığını deyən dövlətimizin başçısı Azərbaycan vətəndaşlarını əmin etdi ki, dövlət hər zaman onların yanında olacaq.

Sonda Prezident İlham Əliyev 2019-cu ilin də xalqımız üçün uğurlu olacağına əminliyini ifadə etdi.

Digər xəbərlər