PDF Oxu

Siyasət

  • 5 712

“Mültikulturalizm bizim üçün həyat tərzidir”

“Mültikulturalizm bizim üçün həyat tərzidir”

Prezident İlham Əliyev Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edib

Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir. Forum üç istiqamətdə davam edəcək.

Dövlətimizin başçısı V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyib.

Prezident İlham Əliyev bu mötəbər Foruma dünyanın 100-dən çox ölkəsindən 500-dən çox nümayəndənin qatıldığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğuladı. Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı.

Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı vurğuladı ki, Bakıda keçirilən növbəti Forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadiləsi ümumi məqsədlərə xidmət edəcək. “Bakı Prosesi”nin BMT və digər mötəbər təşkilatlar tərəfindən dəstəkləndiyini deyən Prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən danışdı. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğuladı. Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan dövlətimizin başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini dedi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söylədi:

“Xatirimdədir, 8 il əvvəl ilk forum təşkil ediləndə biz onun bu qədər geniş beynəlxalq dəstək qazanacağını təsəvvür edə bilməzdik. 2011-ci ildə bizim mədəniyyətlərarası dialoqa həsr edilmiş dünya forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı ki, dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq.

Foruma göstərilən geniş beynəlxalq dəstək bizi ruhlandırır. Bu gün Forumun həmtəşkilatçıları arasında dünyanın aparıcı beynəlxalq təşkilatları var və bizim birgə səylərimiz mədəniyyətlərarası dialoqun təşviqi işinə töhfə verir.

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur.

Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir.

Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir.

Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu da bizim tarixi irsimiz, kökümüz və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar.

Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk. Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq.

Əminəm ki, bu gün və sabah Forum çərçivəsində aparılan müzakirələr problemləri aşkar edərək çıxışçılara fikirlərini bildirmək imkanı verməklə yanaşı, tərəfdaşlıq, həmrəylik və əməkdaşlığı gücləndirəcək, nəticədə mədəniyyətlər arasında körpü yaradacaq.”

Sonra qədim sivilizasiyalara və müasir Azərbaycandakı tolerantlıq mühitinə həsr edilmiş videoçarx nümayiş olundu.

Tədbirin moderatoru Forumun yüksək səviyyədə təşkilinə və dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, “Bakı Prosesi” sülhsevər qüvvələri gücləndirməklə münaqişələri aradan qaldırmağa kömək edən prosesdir.

Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilk dəfə möhtəşəm Bakı şəhərində olmasından son dərəcə məmnunluğunu ifadə etdi. Bildirdi ki, BMT-nin Sivilizasiyalararası Alyansı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi”nin tərəfdaşıdır. “Birlik Bakı Prosesi”nin ruhudur”, - deyən Migel Moratinos əlavə etdi ki, Bakı BMT-nin Sivilizasiyalararası Alyansının habına çevrilə bilər. O, dünyada baş verən hadisələr fonunda bu beynəlxalq mötəbər tədbirin vaxtında keçirildiyini vurğuladı və Forumda müzakirə olunacaq məsələlərin əsas istiqamətlərindən danışdı.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və ölkəmizin rolunu xüsusi vurğuladı. Bildirdi ki, bəşəriyyətin başlıca hədəfləri müsbət dəyişikliklər, insan hüquqları, dayanıqlı inkişaf və müxtəlifliyin təmin edilməsi olmalıdır. Nada Al-Naşif bu istiqamətdə UNESCO xətti ilə də silsilə tədbirlərin həyata keçirildiyini dedi, həmin mötəbər beynəlxalq qurumun mədəniyyətlərarası dialoqun daha səmərəli olmasına töhfələrini əsirgəmədiyini diqqətə çatdırdı.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Bakı Forumunun yüksək səviyyədə təşkilinə və bu mühüm tədbirə dəvətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, bu tədbirin Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğunu vurğuladı. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun çox zəruri olduğunu və bütün ölkələrin bu istiqamətdə səylərini birləşdirmələrinin vacibliyini dedi. O, Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə daim sadiqlik nümayiş etdirdiyini vurğuladı və Foruma uğurlar arzuladı.

Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bildirdi. O, “Bakı Prosesi”nin uğur tarixçəsinə çevrildiyini xüsusi vurğuladı. Avropa Şurasının dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, gənclərin maarifləndirilməsi və digər istiqamətlərdə kompleks iş apardığını deyən Qabriella Battaini-Draqoni bu baxımdan Bakı Forumunun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Forumunun dünyanın ən nüfuzlu tədbirlərindən biri olduğunu dedi. O, indiki dövrdə dünya liderlərinin siyasi iradə göstərməsinin vacibliyini diqqətə çatdırdı, bu baxımdan Prezident İlham Əliyevin nümunəvi mövqe nümayiş etdirdiyini xüsusi vurğuladı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin ədalətsiz mövqe tutduğunu, bunun yolverilməz olduğunu deyən Əbdüləziz Osman əl-Tuveycri dünyanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dəstək verməyə çağırdı və Forumun işinə uğurlar arzuladı.

Digər xəbərlər