“Ermənilərin Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Onlar zaman udmaq üçün siyasi manevrlər edir, müəyyən fikirlər səsləndirməklə ictimai fikri yayındırmağa çalışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O bildirib ki, Ermənistan danışıqlar təklifinə razılıq versə də, əslində irəliyə doğru heç bir addım atmır.Onun sözlərinə görə, Vaşinqton Ermənistana təzyiq edə bilər: “Bilirsiniz ki, Vaşinqton tərəfi danışıqlarla bağlı növbəti görüşün ABŞ-da keçirilməsi təklifini irəli sürüb. Bu baxımdan ola bilsin ki, ABŞ Ermənistana təzyiq göstərsin. Amerikanın gündəmində 7 rayonun qeyd şərtsiz geriyə qaytarılması, şərt kimi isə Ermənistanla İran arasında kommunikasiya xətlərinin açılmasıdır. ABŞ hesab edir ki, bu, danışıqlar prosesinə ciddi təkan verə bilər və ona görə də 7 rayon işğaldan azad edilməlidir”.Q. Hüseynli söyləyib ki, ABŞ tərəfindən irəli sürülən təkliflərdə status məsələsi yalnız sonraya saxlanılır: “ Təbii ki, ermənilər bununla razı deyillər. Görüş Vaşinqtonda baş tutsa da hesab edirəm ki, ciddi məsələlər müzakirədən kənarda qala bilər və görüşə xırda məsələlərin müzakirəsi ilə yekun vurular. Lakin ABŞ Ermənistana təzyiq məsələsində ciddi mövqe tutur. ABŞ Ermənistanı müxtəlif sanksiya və təzyiqlərlə sıxışdıra bilər”.Politoloq vurğulayıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha maraqlıdır: “Azərbaycanın enerji və nəqliyyat dəhlizi olması, eləcə də Rusiyanın Azərbaycana təsir imkanlarını zəiflətməsi ABŞ-ın maraqlarına xidmət edir”.
sia.az