“Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Moskva görüşündən sonra razılaşdırılan məsələlərin mərhələli şəkildə icrasına başlamaq və ya icra mexanizmini dəqiqləşdirmək əvəzinə, erməni rəhbərliyi yenə də qeyri-konstruktiv mövqe tutur”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.O bildirib ki, işğalçı ölkənin danışıqlarla bağlı mövqeyi dəyişmək əvəzinə, Ermənistanın müxtəlif strukturların rəhbərləri nümayəndə heyətləri yaradaraq işğal olunan ərazilərə səfər edir, bu səfərləri hətta protokollaşdırırlar. Ermənistan tərəfindən görüşdən sonra atılan addımların danışıqlara zidd olduğunu deyən siyasi şərhçi söyləyib ki, burada məqsəd status-kvonu saxlamaqdır.A. Nağıyev qeyd edib ki, artıq Paşinyan digər taktikaya keçərək məsuliyyətdən yayınmağa çalışır: “ Paşinyanın siyasi gedişlərində əsas məqsəd razılaşdırılan maddələrin yerinə yetirilməsi, danışıqların pozulmasıdır. Lakin ən pisi baş verənlərə ATƏT-in Minsk qrupunun həmsədrlərinin susqun yanaşmasıdır. Problem də ondadır ki, ikili standart yanaşmalar hələ də öz işini görür və bu da həlli uzanan münaqişənin sonunun region və dünya üçün böyük münaqişələrə və hərbi əməliyyatlara gətirib çıxaracağına bir zəmin yaradır”.
sia.az