“Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Məhz ulu öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu, ölkədə sabitlik bərpa olundu və Azərbaycanda bütün sahələrdə inkişafa doğru addımlar atıldı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Dilarə Cəbrayılova deyib.Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizin bəlalardan qurtulduğunu deyən deputat bildirib ki, həmin dövrdə Ulu öndər tərəfindən həyata keçirilən mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı:D.Cəbrayılova söyləyib ki, əgər Azərbaycanın çətin dövründə Ümummilli lider hakimiyyətə gəlməsəydi, xalqımızın başına hansı faciələrin gələcəyini düşünmək belə qorxuludur: “O vaxtı səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Bu kontekstdə bir sıra kompleks məsələlərə nəzər yetirmək vacibdir. 15 iyun 1993-cü ilin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması nəinki Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının, eyni zamanda, ölkəmizin bugünkü reallıqlarının başlanğıcının təsdiqidir”.Deputat vurğulayıb ki, Azərbaycan xalqı daim azadlıq, müstəqillik uğrunda mübarizə aparıb, bu istəyinə nail olmaq üçün böyük qurbanlar verib: “1991-ci ilin 18 oktyabrında Azərbaycanın Dövlət Müstəqilliyi Aktının qəbul olunmasına baxmayaraq, ilk illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, öz şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurum qarşısında qoymuşdu. Belə bir ağır durumda ulu öndər Heydər Əliyev xalqın köməyinə gəldi”.D. Cəbrayılova qeyd edib ki, bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Heydər Əliyevin əməyi, nişanəsi olmasın: "Ulu öndər Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə ümummilli liderin əməyi özünü göstərir. Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir. Azərbaycanın bugünkü inkişafı Ulu Öndər Heydər Əliyev ideyalarına əsaslanan siyasətin məntiqi nəticəsidir”.Deputat əlavə edib ki, Ulu öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə altında dövlətimiz hər ötən gün özünün siyasi və iqtisadi qüdrətini artırmaqdadır: “Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycanın bölgədə və dünyada artan siyasi gücü dövlətimizin milli maraqlarının beynəlxalq arenada daha ciddi şəkildə qorunmasına xidmət edir. Biz dünyada bir inkişaf modeli yaratmışıq. Bütün bunların əsası məhz Ulu Öndər tərəfindən qoyulub. Heydər Əliyev Azərbaycana böyük və olduqca qiymətli irs qoyub. Bu gün Ümummilli Liderin irsini daha da dərindən öyrənmək, təbliğ etmək, dünyaya çatdırmaq hamımızın borcudur”.
sia.az