Dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib. Tədbirdən öncə Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Fəxri Xiyabanda onun məzarını ziyarət edib.
Azərbaycanın Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı üçün gördüyü işlərdən danışıb. Bildirilib ki, Ümummilli Liderin apardığı siyasətin əsasında sosial siyasət dururdu. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Sosial rifah məsələsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması dövlətimizin başçısının apardığı siyasətin əsas sahələrindəndir. Son bir neçə ay ərzində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli qərarlar qəbul edilib. Bu işlər bundan sonra da davam etdiriləcək.
“Bütün Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevn xatirəsini dərin ehtiramla yad edir. Bu, təsadüfi deyil. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətinə xalq dərin hörmət və ehtiramla yanaşır. Heydər Əliyevn xatirəsi nəinki insanların qəlbində yaşayır, eyni zamanda onun siyasəti bu gün də davam edir. Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının bariz nümunəsidir. Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində sosial məsələlər daim əhəmiyyətli yer tutub və bu da ulu öndərin insanların qəlbində yer tapmasının izahlarından biri ola bilər. Prezident İlham Əliyevin uğurla reallaşdırdığı siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı, sosial vəziyyətinin yaxşılaşdırılması kimi mühüm məsələlər dayanır. Ən mühüm məsələ, birincisi, vətəndaşın təhlükəsizliyinin təmin edilməsi, ikinci isə rifahının yaxşılaşdırılmasıdır. Azərbaycan dövləti hər iki vəzifəni layiqincə yerinə yetirib. İnsanların güzəranın yaxşılaşdırılması Prezident İlham Əliyevin siyasətinin ən başlıca istiqamətlərindəndir”, - deyə Ə.Əhmədov bildirib.
Baş nazirin müavini vurğulayıb ki, Prezident İlham Əliyev vətəndaşların rifahının yaxşılaşdırılması üçün daim addımlar atır: “Son bir neçə ayda Prezident tərəfindən imzalanan fərman və sərəncamlar vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edib. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaq”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illəri quruculuq, abadlıq, inkişaf dövrü kimi xarakterizə edib. Bildirib ki, Ulu Öndərimiz xüsusi qayğıya ehtiyacı olan şəxslərə böyük diqqətlə yanaşır, onların ehtiyaclarının ödənilməsini daim diqqətdə saxlayırdı. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Nazir qeyd edib ki, Azərbaycan dünyada yoxsulluğu beş faizə endirən 29 ölkədən biridir. 2003-cü ildən bu günədək əməkhaqları yeddi dəfə artırılıb. Minimum əməkhaqqı dəfələrlə artırılıb. Minimum pensiya 40 faiz artırılıb. Prezident İlham Əliyevin qəbul etdiyi bu mühüm qərarlar ölkəmizdə sosial ədalətin qorunduğunun əyani göstəricisidir.
Tədbir bədii hissə ilə davam edib.