PDF Oxu

Siyasət

  • 4 790

İlham Əliyev: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

İlham Əliyev: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfər ediblər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfərə gəliblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2018-ci ildə imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılıb. İki hərəkət zolaqlı yolun ümumi uzunluğu 14,5 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yolun inşası zamanı müxtəlif diametrli 7 suötürücü boru quraşdırılıb, zəruri yerlərdə yol nişanları, göstərici lövhələr, siqnal dirəkləri qoyulub, yol cizgi xətləri çəkilib. Yolun inşası texnoloji ardıcıllığa uyğun və yüksək keyfiyyətlə həyata keçirilib. Qobustan-Poladlı yolu bu bölgədə yaşayan insanların Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaradıb. Bu layihənin icrası sürücülərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi. Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərəzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanılıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Laboratoriyada müayinələri yüksək dəqiqliklə və qısa müddətdə aparmaq üçün hərtərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir tibb müəssisələrinin yaradılması, mövcud tibb ocaqlarının yüksək səviyyədə yenidən qurulması istiqamətində olduqca vacib layihələr icra edilir. Bütün bu işlər səhiyyə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşdülər. Xəstəxananın kollektivini təbrik edən Prezident İlham Əliyev bildirib ki, ölkəmizin hər bir yerində yeni xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir:

“Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var. Əsas məsələ ondadır ki, xəstələrə burada çox gözəl xidmət və qayğı göstərilməlidir. Əminəm ki, siz bunu təmin edəcəksiniz. Mənə verilən məlumata görə, burada həkimlər, tibb heyəti üçün 70-dən çox iş yeri yaradılıb. Yəni, bu xəstəxananın açılması bir daha bizim uğurlu siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir.

Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək. Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır.

Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir. Bu gün biz bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müxtəlif əsrlərdə toxunan Salyan, Ağsu, İsmayıllı, Hacıqabul, Ağdaş, Göyçay, Şamaxı, Oğuz, Qəbələ, Qobustan xalçalarına baxdılar. Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşdülər.

Xalçaçılar: Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz.

Prezident İlham Əliyev:

- İlk növbədə, sizi peşə bayramınız münasibətilə təbrik edirəm. Çox şadam ki, bu peşə bayramı günlərində gözəl fabrikin açılışını qeyd edirik. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti üç il bundan əvvəl mənim Sərəncamımla yaradılmışdır. Qarşıya vəzifə qoyulmuşdur ki, ölkəmizin bütün bölgələrində müasir xalça fabrikləri yaradılsın və bu istiqamətdə çox böyük işlər görülüb. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, növbəti bir-iki il ərzində qalan fabriklər də istifadəyə veriləcək və beləliklə, Azərbaycan öz qədim sənətini yaşatmaq istiqamətində çox önəmli addım atmış olacaq.

Qobustan fabrikində 150 iş yeri yaradılıb. İşçilərin də mütləq əksəriyyəti qadınlardır. Bu, qadınlar üçün dövlət tərəfindən atılan çox böyük addımdır. Çünki qadınların iş yerləri ilə təmin olunması prosesi xüsusi əhəmiyyət daşıyır. Burada ən müasir avadanlıqlar quraşdırılıb, bütün vasitələr var. Əminəm ki, bu fabrik çox uğurla fəaliyyət göstərəcək. Burada işləyənlər də razı qalacaqlar.

Azərbaycan öz xalçalarını dünya miqyasında daha geniş şəkildə təqdim edəcək. Bildiyiniz kimi, bizim xalçalarımız dünyanın aparıcı muzeylərində nümayiş etdirilir. Xalçaçılıq bizim qədim sənətimizdir və əsrlər boyu biz bu sənəti yaşadırıq. Çox yaxşı haldır ki, bu sənət nəsildən-nəslə ötürülür. Burada təcrübəli xalçaçılar, gənclər işləyirlər. Əminəm, gənclər də bu işə böyük maraqla, həvəslə qoşulacaqlar ki, biz bu sənəti bundan sonra da əsrlər boyu yaşadaq və Azərbaycan öz xalçaçılıq sənətini dünyaya təqdim etsin. Bu, iş yerləri, qeyri-neft sektorunun inkişafı və ixracyönümlıü məhsulun istehsalı deməkdir. Çünki bu gün ölkəmizin ümumi iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafı ilə sıx bağlıdır. İxracyönümlü məhsulların istehsalı bu gün prioritet məsələlərdən biridir.

Sonra Prezident İlham Əliyev müəssisədə toxunan ilk xalçanı kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışında da iştirak ediblər. AZƏRTAC xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə “Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin yunəyirici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək. Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi. Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər