Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov təklif edib ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın: “Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın".Məsələyə münasibət bildirən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib ki, Türk Şurası türkdilli ölkələrin ümumi inteqrasiyasına, birliyinə və inkişafına dəstək vermək üçün yaradılmış siyasi birlik yaxud beynəlxalq təşkilatdır və xeyli sayda mühüm əhəmiyyətli struktur elementlərinə sahibdir: “Hazırda olduqca mürəkkəb hesab edilən beynəlxalq şəraitdə Şuraya daxil olan dörd ölkənin ümümi maraqlarını təmin etməyin bir yolu da bu beynəlxalq təşkilatın yaratdığı imkanlardan səmərəli istifadə etməkdən keçir. Bu kontekstdə qlobal informasiya məkanında informasiya təhlükəsizliyinin qorunması və informasiyadan yumşaq güc kimi milli maraqların təmin olunması üçün istifadə edilməsi xeyli dərəcədə aktualdır. İnformasiya təhlükəsizliyi həm də milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilib. Ona görə də Türk Şurasına üzv dövlətlərin qarşılıqlı şəkildə və intensiv informasiya mübadiləsi etməsi ümumi məqsədlər baxımdan əlverişlidir . Çünki belə mübadilə həm Şura daxilində mədəni, humanitar və siyasi-iqtisadi inteqrasiyanı sürətləndirəcək, həm də qlobal informasiya təhdidlərinə qarşı effektiv immunitet yaradacaq. Bu mənada Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli Əli Həsənovun səsləndirdiyi fikirlər günün tələbi və çağırışıdır. Qarşılıqlı yayınlar vahid informasiya məkanı formalaşdırmaqla ümumi dil birliyinin, mədəniyyət birliyinin ictimai-siyasi maraqlar birliyinin daha da möhkəmlənməsinə və sürətlənməsinə ciddi töhfələr verə bilər”.
sia.az