Siyasət

  • 3 671

Sevinc Fətəliyeva: Ümummilli Lider Heydər Əliyevin qurduğu Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır

image

“Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaratmışdır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Onun sözlərinə görə, məhz Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir. Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarmışdır.
“Ölkə rəhbəri kimi Heydər Əliyevin əsas siyasi kursu da bu prinsiplər əsasında həyata keçirilirdi. Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səyini əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. Günü-gündən iqtisadi qüdrətini artıran, dünya gücləri qarşısında qamətini qürurla dik tutmağı bacaran gənc bir dövlətin həqiqi qurucusu və lideri Heydər Əliyevin sonrakı dövrlərdə həyata keçirtdiyi bütün islahatların kökündə də məhz bir amal, bir məqsəd dayanırdı: "Hər bir azərbaycanlının müstəqil, sağlam və rahat yaşayışını təmin etmək”. Dünyada söz sahibi olan ölkələrin Azərbaycanla qarşılıqlı müqavilələr bağlamaları, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdə iştirak etmək istəmələri təkcə durmadan inkişaf edən bir ölkənin artan nüfuzu və iqtisadi imkanları deyildi, həm də rifah halı yüksələn, yaşayış şəraiti yaxşılaşan Azərbaycan vətəndaşlarının həyata keçirilən bu proseslərdə birbaşa tərəf kimi iştirak etmə hüquqlarının var olması idi. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyildir. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yer tutur. Bu məsələdə ölkəmiz diplomatik cəbhədə işğalçı Ermənistanı küncə sıxışdırıb. Bütün beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınır.
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür”-deyə, S.Fətəliyeva qeyd edib.

sia.az

Digər xəbərlər