PDF Oxu

Siyasət

  • 4 427

Anti-Azərbaycan mərkəzlərin “futbol fiaskosu” TƏHLİL

Anti-Azərbaycan mərkəzlərin “futbol fiaskosu” TƏHLİL

Yaxud, UEFA Avropa Liqasının final matçı tam təhlükəsiz və sakit bir şəkildə baş tutdu, azarkeşlər və turistlər tam razılıq etdilər

Bu gün dünyada çox az ölkə tapılar ki, cəmi 15 il ərzində cəmiyyətin ictimai-siyasi sferasının, eləcə də, ölkənin siyasi və çoxpartiyalı sisteminin, plüralizmin, ümumilikdə demokratiyanın inkişafı istiqamətində ardıcıl və səmərəli siyasi, eləcə də sosial-iqtisadi reformalar həyata keçirsin. Şübhəsiz ki, son 15 ilin nəticələrinə əsaslanaraq deyə bilərik ki, həmin azsaylı ölkələr kateqoriyasına Azərbaycan da aiddir. Çünki, son 15 il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, fərmanlar, təsdiqlədiyi dövlət proqramları Azərbaycanı dünyanın demokratik və siyasi baxımdan yetkin dövlətinə çevirib.Eyni zamanda, transmilli layihələrin reallaşdırılması və ölkə daxilində sosial dövlət quruculuğu istiqamətində mühüm addımların atılması Azərbaycanın dinamik inkişafı təmin edib. Xüsusi olaraq qeyd edilməlidir ki, son on beş il ərzində ölkə iqtisadiyyatı, qeyri-neft iqtisadiyyatı və sənaye sahəsində 3 dəfə, kənd təsərrüfatında 2, qeyri-neft ixracında 5 dəfə artım olub, valyuta ehtiyatlarımız 23 dəfə artaraq 45 milyard dollara bərabər olub, ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub, 1,9 milyon iş yeri yaradılıb, işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsinə enib, maaşlar 5, pensiyalar 8 dəfədən çox artıb.Təbii olaraq uğurları sadalanmaqla bitmir Azərbaycanın. Məhz əldə olunan nəticələrə əsasən Azərbaycan “Doing Business” hesabatında 25-ci yer, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biridir, “Siyasətçilərə ictimai etimad” kateqoriyasında 20-ci pillə, “Dövlət tənzimlənməsinin yükü” göstəricisinə görə dünyada 15-ci yer, Əmək bazarının səmərəliliyi göstəricisi üzrə dünyada 17-ci, MDB üzrə 1-ci yerdir. Həmçinin, dünya ekspertləri, nüfuzlu “USA today”, “The Washington Times” kimi nəşrlər ölkəmiz haqqında yazarkən qeyd edirlər ki, Azərbaycan “Şərqin İsveçrəsidir”, “Turizm üçün gözəl və ən sabit şəhər Bakıdır”, “Odlar yurdudur”, “Şərqin Parisidir”, “Bütün dünyada ən ideal yerdir” və s.Bütün bunlarla yanaşı, son illər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunun yüksəldiyini sübuta yetirir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun humanitar-mədəni mərkəzinə çevirib. "Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa mötəbər idman tədbirlərinə - "Bakı-2015” I Avropa Oyunlarına və "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi. Bu il isə paytaxtımız Avropa Gənclərinin XV Yay Olimpiya Festivalını və eyni zamanda UEFA Avropa Liqasının finalını da qəbul etdi.Lakin təəssüflər olsun ki, Azərbaycanımızın uğurları, nailiyyətləri anti-Azərbaycan dairələri olduğunu kimi, daxildəki “5-ci kolon”un nümayəndələrini də ciddi şəkildə narahat edir. Elə mayın 29-da Bakıda keçirilən UEFA Avropa Liqasının finalı ilə əlaqədar təşkil olunan qarayaxma kampaniyası bunu bir daha sübut edir.Təcrübə göstərir ki, Azərbaycan beynəlxalq tədbirlər ərəfəsində olanda anti-azərbaycançı şəbəkənin məlum planı işə salınır, ölkəmizə qarşı "qara piyar" kampaniyası həyata keçirilir. Bu baxımdan xeyli müddət əvvəldən UEFA Avropa Liqasının finalı ərəfəsində Azərbaycanla bağlı qərəzli, ölkəmizin uğurlarına kölgə salmaq niyyəti güdən informasiyaların dövriyyəyə buraxılacağı gözlənilən idi. Çünki həm "Eurovision” musiqi yarışması, həm I Avropa Oyunları, həm IV İslam Həmrəyliyi Oyunları, həm Formula-1 və digər beynəlxalq tədbirlər ərəfəsində anti-Azərbaycançı şəbəkə ölkəmizə qarşı oxşar qarayaxma planlarını işə salıb.Anti-Azərbaycan platformasında yer alan, ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın fəal iştirakçısı olan qüvvələr subyektiv mülahizələrinə, yalan məlumatlarına istinad edərək dövlətimizə qarşı inkarçı və qərəzli mövqedə dayanmışdılar. UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsindən qaynaqlanan kampaniya sübut edirdi ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar.Məhz, Ermənistan Xarici İşlər Nazirliyinin "Arsenal” futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması anti-azərbaycançı şəbəkənin bu ərəfədə ölkəmizə qarşı fəallaşmasının göstəricisidir. Lakin o da sirr deyil ki, siyasi dairələrin idman məsələlərinə qarışması qəbulolunmazdır. Ermənistan idmanı siyasət alətinə çevirməyə cəhd etməklə həm də sülh danışıqlarında qeyri-konstruktivliyini ortaya qoyur.Təkcə onu qeyd edək ki, Azərbaycan 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçirilən final oyununda iştirak edən bütün oyunçuların, o cümlədən "Arsenal” futbol klubunun oyunçusu H.Mxitaryanın, eləcə də bütün azarkeşlərin təhlükəsizliyinin tam təmin olunacağına təminat vermişdi və elə də oldu. UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının finalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirib. Sloveniyalı prezident qurumun Bakıda İcraiyyə Komitəsinin paytaxtımızda keçirilən iclasından sonra təşkil olunan mətbuat konfransında həlledici oyunla bağlı sualı da cavablandırıb. Bildirib ki, hər şey yüksək səviyyədədir: "İndi üçün görünən odur ki, hər şey mükəmməl şəkildə təşkil edilib. Qonaqpərvərlik, peşəkar yanaşma və digər məsələlər yüksək səviyyədədir. Hər şey əladır”.Bu arada qeyd edək ki, UEFA Avropa Liqasının final oyununu izləmək üçün öz nəvəsi ilə Bakıya gələn ingiltərəli futbol azarkeşi Keni Kaldrel deyib ki, mən ilk dəfədir ki, Bakıya gəlirəm. Çox gözəl və müasir şəhərdir. Xüsusilə də şəhərin sakinləri çox mehriban və qonaqpərvərdirlər. İngiltərəli turist UEFA Avropa Liqasının final oyunu öncəsi Bulvarda azarkeş festivalının və fan zonalarının belə yüksək səviyyədə təşkil olunmasını yüksək qiymətləndirib. “Final oyunu ilə bağlı Bakıya gələn bütün azarkeşlərin və turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. Xarici turist kimi şəhərinizdə özümüzü çox rahat və təhlükəsiz hiss edirik. Biz gələcəkdə final oyunundan sonra da Bakıya qayıdıb şəhəri özümüz üçün yenidən kəşf etmək istərdik”, – deyə o vurğulayıb.Bəli, bununla da final matçı tam təhlükəsiz və sakit bir şəkildə baş tutdu. Amma anti-Azərbaycan dairələri unutdular ki, erməni əsilli idmançılar bundan əvvəl də Azərbaycanda keçirilən yarışlarda iştirak ediblər və onların təhlükəsizliyi ilə bağlı hər hansı problem olmayıb.Əlbəttə ki, indiyədək anti-azərbaycançı şəbəkənin respublikamıza qarşı dəfələrlə "qara piar" həyata keçirmək istəməsinin şahidi olmuşuq. Lakin onlar hər dəfə məğlub olublar. Çünki Azərbaycan öz inkişafı, müstəqil dövlət kimi söz və nüfuz sahibinə çevrilməsi ilə anti-azərbaycançı dairələrin bütün planlarını alt-üst edir, onlara sarsıdıcı zərbələr endirir. Onların yalnız Azərbaycan dövlətinin və xalqının milli maraqlarına, məqsədli şəkildə Azərbaycanın beynəlxalq səviyyədə imicinə zərbə vurmaq istəyirdilər. Amma bir faktı unudurdular ki, hər bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycanı öz istədiyi kimi görmək istəyirsə, ancaq Azərbaycan dövləti onların maraq və istəyinə uyğun dövlət ola bilməz. Azərbaycan dövlətinin təməlində Azərbaycan xalqının maraqları, mənafeyi dayanır.

Bəhruz Quliyev,

“Səs” qəzetinin baş redaktoru

Digər xəbərlər