“Ümumiyyətlə bu gün Azərbaycanın uğurlarına sevinən və sevinməyən qüvvələr var”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.“Biz hər zaman demişik ki, Azərbaycanda böyük idman yarışları, digər mötəbər tədbirlər keçiriləndə hər zaman bizə qarşı erməni diasporu və yaxud da onlarla əlbir olmuş insanlar bundan istifadə edərək Azərbaycanın uğurlarına ləkə yaxmağa çalışırlar. Axı necə olur ki, UEFA Avropa Liqasının bundan əvvəlki finalları digər ölkələrin paytaxt və şəhərlərində keçirilən zaman heç vaxt bu cür məsələlər ortaya çıxmır amma nədənsə Azərbaycan bu oyuna ev sahibliyi edəndə ortaya başqa-başqa şeylər atırlar. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferinin başçılıq etdiyi nümayəndə heyətininin Azərbaycana gəlməsi onu göstərdi ki, final oyununa qarayaxmaq istəyənlər arzularına çatmadılar. Bu gün Azərbaycan sabit və təhlükəsiz bir ölkədir. İdman dünyada dostluğun, birləşmənin, qardaşlığın, sağlamlığın rəmzidir. Azərbaycan dövləti bunu ən yüksək səviyyədə etdi. Mən özüm də ötən gün “Arsenal”- “Çelsi” oyununda tamaşaçı kimi iştirak etdim. Azarkeşlərin stadiona aparılıb və gətirilməsi yüksək səviyyədə təşkil olunmuşdu. Cənab Prezident İlham Əliyevin qurmuş olduğu yeni Azərbaycanda biz istənilən idman yarışını və digər beynəlxalq tədbiri, forumu keçirməyə hazırıq”-deyə, S.Orucov fikrini tamamlayıb.
sia.az