İlham Əliyev: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!”
Azərbaycan Prezidenti İlham Əliyevin son 16 illik uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait, artıq bir neçə ildir ki, ardıcıl olaraq, Ermənistanın ümumi büdcəsindən çoxdur. Bununla yanaşı, Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təyinatlı məmulatın istehsal olunması ölkəmizin hərbi qüdrətinin artmasının bariz nümunələrindəndir.
Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Hazırda güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir və şəxsi heyətin döyüş ruhu yüksəkdir. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də, ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bu gün orduda xidmət etməyə yaşı çatan hər bir Azərbaycan vətəndaşı, könüllü olaraq, torpaqlarımızın müdafiəsi uğrunda döyüşmək əzmində olduğunu nümayiş etdirir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Prezident İlham Əliyev hər çıxışında Azərbaycan Ordusunun gücünü və torpaqlarımızı azad etmək əzmində olduğunu, xüsusi olaraq, vurğulayır. Elə 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev ordu ilə bağlı mühüm mesajlar verdi: “Biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində, beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq”.
Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır
Son 16 ildə ölkədə aparılan ardıcıl islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində, Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrilib. Müstəqilliyimizin, dövlətçiliyimizin qarantı olan və yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir. Hərbi qüdrətini, ardıcıl olaraq, artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır.
“Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Aprel, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu gücləndirir” deyən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezidnent İlham Əliyev ordumuzun döyüş qabiliyyətinin hər ötən gün artdığını bildirib. Xalq, tam arxayın ola bilər ki, ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir: “Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Güclü ordunun yaradılması üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 ildə Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün, iqtisadi baxımdan, özünü rahat hiss edir. Biz öz hesabımıza yaşayırıq və heç bir yerdən yardım almırıq.
Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Bunların arasında ordu quruculuğu əsas yerdədir. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb”.
Hərbi qüdrətini, ardıcıl olaraq artıran Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Həmin arsenalın bir hissəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad zamanı nümayiş etdirildi. Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi, ümumilikdə, 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələr ordumuzun imkanları barədə aydın təsəvvür yaradır.
Azərbaycan Ordusu düşmənə həmişə yerini göstərib
1994-cü ildə atəşkəsin elan edilməsindən sonra cəbhə xəttindəki ən böyük qarşıdurma 2016-cı ilin aprelinə təsadüf edir. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına Azərbaycan Ordusu əks-hücumla cavab verməyə məcbur oldu. Prezident İlham Əliyev Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında Azərbaycan Ordusu döyüş meydanında öz gücünü və məharətini göstərdiyini xatırlatdı. “Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində, işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə daha bir töhfə - Günnüt əməliyyatı...
Qələbələrə imza atan Azərbaycan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə daha bir töhfə Naxçıvandan oldu. Günnüt əməliyyatı... Əlahiddə Ümumqoşun Ordusunun bölmələri uğurlu əks-həmlə əməliyyatı ilə düşməni Şərur rayonunun işğal altındakı Günnüt kəndindən çəkilməyə məcbur etdilər. “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Artıq bu yüksəkliklərdən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu və bir neçə ətraf yaşayış məntəqəsinə nəzarət edə bilirik...
Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun Cənab İlham Əliyev kimi lider Prezidenti, Ali Baş Komandanı var. Həmçinin, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır və işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks-təqdirdə təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcək!
RƏFİQƏ KAMALQIZI