Siyasət

  • 3 788

"Bütün məsuliyyət Ermənistanın və Minsk Qrupunun üzərinə düşəcək" ÖZƏL-ŞƏRH

image

"Ümumiyyətlə xeyli müddətdir ki, Ermənistan həm də Rusiyanın KİV-lərində belə məlumatlar yayılır ki, Paşinyanın ən zəif nöqtəsi onun kadrlarıdır. O elə şəxsləri yüksək nazir vəzifələrinə təyin edib ki, onlar əslində heç bir real praktiki vərdişlərə, eyni zamanda heç bir peşəkarlığa malik deyillər". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.Deputatın sözlərinə görə, Paşinyanın belə nazirlərindən biri də müdafiə naziri David Tonoyandır: "Onun səsləndirdiyi fikirlər bir çox hallarda Ermənistan dövlətinin özünü də çıxılmaz vəziyyətdə qoyur. O son çıxışlarının birində Azərbaycana qarşı yeni iddialar irəli sürmüş, hətta Azərbaycanın yeni-yeni ərazilərini işğal edəcəyi ilə bağlı çox gülünc bəyanat vermişdir. İndi isə o yeni absurd və eyni zamanda Ermənistan dövlətinin bugünkü aqressiv xislətini, mahiyyətini ifadə edən bəyanatla çıxış edir. Tonoyan söyləyib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı göstərişi şəxsən verib və bu əməliyyatı icra edən erməni hərbçilərinə yüksək mükafat təqdim edib. Heç şübhəsiz ki, bu cür bəyanat hesab edirəm ki, çox ciddi nəticələrə gətirib çıxaran bir bəyanatdır. Tonoyanın bu sözlərindən sonra hansı danışıqlardan söhbət gedə bilər. Burada gün kimi aydındır ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanı da təxribata cəlb etmək istəyir və bununla da Azərbaycanın cavab zərbələri endirməsini istəyir. Nəticədə elə bir vəziyyət yaransın ki, daha danışıqların aparılması qeyri mümkün olsun. Məqsəd isə Ermənistanın bugünkü hakimiyyəti daxildə çox ciddi və ağır problemlərlə üz-üzə qalıb.Xüsusilə də keçmiş prezidentlər Koçaryan və Sarkisyanın, eyni zamanda erməni oliqarxların timsalında ona qarşı artıq konkret real bir güc mərkəzi formalaşır. Hətta bu qüvvələr öz aralarında Paşinyan əleyhinə bir saziş imzalayıblar. Paşinyan devrilənədək bir yerdə olacaqlarını və mübarizə aparacaqlarını bəyan ediblər. Bu reallıq fonunda indi Paşinyanın daha böyük enerjisi bu qüvvələrlə mübarizəyə sərf olunur. Eyni zamanda xalqın Paşinyana olan etimadı getdikcə azalmaqdadır. Beləcə Paşinyan daxildə çox ciddi siyasi, iqtisadi kataklizmlərlə üz-üzə qala bilər. Buna görə də o daxili auditoriyanın diqqətini yayındırmaq üçün ənənəvi üsula əl ataraq təmas xəttində təxribatlar törədir. O istəyir ki, faktiki olaraq danışıqlar prosesi dayansın. Bax, bu tendensiya bu gün müşahidə olunmaqdadır. Hesab edirəm ki, bu reallıq fonunda ATƏT-in Minsk qrupunun üzərinə çox böyük məsuliyyət düşür. Yəni Minsk qrupu bütün bunlardan sonra Tonoyanın bu sərsəm bəyanatından sonra sadəcə özü də dişsiz bir bəyanat verməklə kifayətlənəcəksə, ondan ümumiyyətlə hesab edirəm ki, Minsk qrupuna onsuzda son dərəcə tükənmiş olan etimad birdən-birə yox olub gedəcək. Beləcə hadisələr bundan sonra ən gözlənilməz ssenari üzrə inkişaf edə bilər və hərbi əməliyyatların başlanması qaçılmaz ola bilər. Bu zaman bütün məsuliyyət Ermənistanın və Minsk Qrupunun üzərinə düşəcək. Həmçinin beynəlxalq ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşəcək ki, onlar sanki kənar müşahidəçi statusunda prosesləri izləyir".

sia.az

Digər xəbərlər