Siyasət

  • 5 209

Milli bayramımız Pakistanda qeyd edildi

image

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü və Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illiyi Pakistanın paytaxtı İslamabad şəhərində təntənəli qeyd olunub. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin İslamabad şəhərində yerləşən beşulduzlu Serena mehmanxanasında təşkil etdiyi rəsmi qəbula ali qonaq qismində Pakistanın Dəmiryolları üzrə federal naziri Şeyx Əhməd Rəşid, həmçinin, millət vəkilləri, ölkənin nüfuzlu ictimai-siyasi xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri və Pakistanda yaşayan azərbaycanlılar təşrif buyurublar.Tədbirin başlamasından öncə, nümayiş edilən sərgidə Federal nazir Şeyx Əhməd Rəşid və digər müsafirlər müstəqil Azərbaycanın siyasi və ictimai həyatını, həmçinin müasir memarlığını təcəssüm etdirən rəsm nümunələri ilə tanış olublar.Mərasim Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, himnlərin ardınca, Azərbaycan Demokratik Respublikasının və onun Xarici İşlər Nazirliyinin yaradılmasını, fəaliyyətini, eləcə də SSRİ-nin süqutundan sonra Azərbaycanın yenidən müstəqilliyinə qovuşması uğrunda apardığı mübarizəsini, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanan əsaslı dövlət quruculuğu prosesini, həmçinin, Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlərini və müstəqil Azərbaycanın inkişafını əks etdirən, Azərbaycanın Pakistandakı Səfirliyinin sifarişi ilə hazırlanmış qısametrajlı film nümayiş etdirilib.Öz açılış nitqi ilə qonaqları salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 28 may 1918-ci ildə Müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradılmasını Azərbaycan xalqının böyük uğuru kimi qiymətləndirərək, 1 il sonra - 9 iyul 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının (ADR) özünün ilk xarici işlər nazirliyini təsis etdiyini, bununla əlaqədar olaraq bu il XİN-in öz tarixi quruluşunun 100-cü ildönümünü də qeyd etdiyini bildirib. Səfir bütün dövlətlərlə dostluq əlaqələrinin yaradılmasını özünün təməl xarici siyasət prioritetlərindən biri kimi müəyyənləşdirən ADR-in, dövrün bütün daxili və xarici amillərdən irəli gələn qarmaqarışıqlığına baxmayaraq, xeyli sayda ölkələrlə əlaqələr qura bildiyini vurğulayıb.Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın surətlə inkişaf edən ölkələrindən olan müasir Azərbaycanın mühüm nailiyyətlər əldə etdiyini, son 15 ildə Azərbaycan iqtisadiyyatının 300 faiz artdığını, yoxsulluq və işsizliyin 5 faizdən aşağı həddə qədər kəskin şəkildə aşağı düşdüyünü qeyd edən səfir Əli Əlizadə, bu illərdə Azərbaycanın xarici siyasət sahəsində də böyük uğurlara imza atdığını və Pakistanla əlaqələrin gücləndirilməsinin hər zaman xarici siyasət prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.Səfir həmçinin Azərbaycanla Pakistan arasında son bir ilin nəticələrinə də nəzər salıb, Azərbaycanla Pakistan arasında bütün sahələrdə səmərəli əməkdaşlığın mövcud olduğunu və inkişaf etdiyini bildirib, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 25 % artığını qeyd edib. Əli Əlizadə ötən 1 il ərzində iki ölkə arasında hər iki ölkədən müəyyən nazirlərinin, hökumət və hərbi rəsmilərinin ümumilikdə 40-a yaxın qarşılıqlı səfərlərinin həyata keçirildiyini, iki ölkə tarixində ilk dəfə olaraq Azərbaycanın hərbi kontingentinin Pakistan Milli Günü ilə bağlı keçirilmiş hərbi paradda iştirak etdiyini, Azərbaycanla Pakistan arasında birbaşa təyyarə reyslərinin yaradılması ilə bağlı Azərbaycan Hava Yollarının təklifinin Pakistan tərəfinə təqdim olunduğunu və bu yöndə işlərin davam etdiyini sözlərinə əlavə edib.

Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən müxtəlif sosial və humanitar layihələrin 2018-ci il ərzində də davam etdiyini ifadə edən səfir, ilk dəfə olaraq, ötən il Azərbaycan və Pakistanın kosmik agentlikləri arasında əlaqələrə də start verildiyini bildirib, ikitərəfli əlaqələrdə müsbət məqamlarla zəngin çoxlu nümunələrin olduğunu deyib. Səfir davamlı əməkdaşlıq və dəstəyə, eləcə də ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə və daha da genişləndirilməsinə olan marağına görə Pakistan hökuməti və xalqına təşəkkürlərini çatdırıb, Pakistanda yaşayan və xidmət edən bütün azərbaycanlıları Respublika Günü, Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını isə, Azərbaycan diplomatiyasının 100-cü ildönümü münasibəti ilə təbrik edib və ADR-in varisi kimi müasir, inkişaf edən, sabit, çiçəklənən və sülhsevər Azərbaycanın qardaş Pakistanla əlaqələri möhkəmləndirməyə və dərinləşdirməyə daim qərarlı olduğu ilə çıxışını yekunlaşdırıb.Tədbirin ali qonağı, Pakistanın Federal Dəmiryolları naziri Şeyx Rəşid Əhməd çıxışında Azərbaycan və Pakistanın səmimi dostluq və qardaşlıq əlaqələrinə malik olduğunu, hər iki dövlətin demək olar ki, bütün sahələrdə, xüsusilə də strateji mövzularda bir-birini dəstəklədiyini qeyd edib, Kəşmir məsələsinin həlli istiqamətində Pakistanın səylərini dəstəklədiyinə görə Azərbaycana təşəkkürlərini çatdırıb. Ali qonaq Pakistan hökumətinin Azərbaycanın dövlət rəsmilərinin Pakistana intensiv səfərlərindən məmnun olduqlarını, ölkələr arasında siyasi, iqtisadi və müdafiə sahələrindəki əməkdaşlığın inkişafına şad olduqlarını xüsusi vurğulayıb və hər iki xalqın birbaşa ünsiyyətinin artırılmasının, eləcə də birbaşa təyyarə reyslərinin həyata keçirilməsinin önəmini ifadə edib.Rəsmi hissədən sonra Pakistanın tanınmış skripka ifaçısı Ustad Rəisin ifasında bir sıra Azərbaycan və Pakistan musiqiləri təqdim olunub, Azərbaycan-Pakistan dostluğunu əksi olaraq hər iki ölkənin bayraqlarının əks olunduğu rəmzi tort kəsilib. Tədbir boyu Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialını əks etdirən müxtəlif videoçarxlar nümayiş etdrilib, kitablar, bukletlər və digər əyani materiallar yayılıb. Mərasim Pakistanın televiziya kanalları və aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

sia.az

Digər xəbərlər