Siyasət

  • 6 282

Mirzəcan Xəlilov: 15 İyun Milli Qurtuluş Günü xalqımızın tarixində mühüm yer tutur

image

“15 İyun Milli Qurtuluş Günü xalqımızın tarixində mühüm yer tutur. 1990-cı illərin əvvəlində ölkəmizdə yaranmış vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verir, şəxsi mənfəətlərinin əsirinə çevrilir, yaratdıqları başıpozuq silahlı dəstələrin gücünə güvənərək qeyri-qanuni əməllərlə məşğul olurdular. 1991-92-ci illərdə hakimiyyət böhranının yaşanması ölkədə həm siyasi, həm də iqtisadi böhranı pik həddə çatdırmışdı. Situasiya daha da gərginləşir, AXC-Müsavat cütlüyünün hakimiyyətinin sərəncamında olan silahlı birliklər cəbhə bölgəsindən geri çəkilir, Dağlıq Qarabağ və ətrafındakı rayonlar işğala məruz qalırdı. Bununla yanaşı, cəmiyyətdə parçalanma, qarşıdurma güclənirdi”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, problemlər məngənəsində olan gənc Azərbaycan dövləti XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi yaşayırdı. Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana idi. Daha doğrusu, düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev xalqımızın yeganə ümidi idi. Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev isə xalqın və respublikanın ovaxtkı rəhbərliyinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
“Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi demək idi. Ulu Öndərimiz qısa zamanda Öz tarixi missiyasını həyata keçirməyə başladı və Azərbaycan dövlətçiliyini xilas etdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşdü. Vurğulanmalıdır ki, qurtuluş xalqımızın Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Heydər Əliyevin tarixi missiyasının həyata keçirilməsi xalqın Ulu Öndərə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti, Heydər Əliyevin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi kimi güclü faktorlar üzərində qurulub. Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Qısa zamanda ölkədə sabitlik, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası isə, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Eləcə də idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, ölkənin gələcək inkişafının təməlini formalaşdıran neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Digər tərəfdən, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri də yüksək səviyyədə formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün mühüm əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu”-deyə, M.Xəlilov vurğulayıb.

yap.org.az

Digər xəbərlər