Siyasət

  • 2 666

""Qarabağ kartı" yenidən aktuallaşır" ÖZƏL-ŞƏRH

image

"İyunun 20-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşü keçiriləcək. Təbii ki, bu görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutacaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.Deputatın sözlərinə görə, son dövrdə təmas xəttində Ermənistan tərəfi bir çox təxribatlara əl atıb: "İki hərbçimizin şəhid olması və bundan savayı Ermənistan silahlı qüvvələrinin helikopter avantürası və s. Onlar məqsədlərinə çatmasa da belə hər halda Azərbaycan Silahlı Qüvvələrinə məxsus helikopteri hədəfə almışdılar. Bütün bunlar fonunda eyni zamanda Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan əsgərini qətlə yetirmiş erməni əsgərini mükafatlandırması onların çirkin niyyətindən xəbər verir. Bütün bu sadaladığımız heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını buxovlayan və münaqişənin həlli istiqamətində danışıqlar prosesinin baş tutmamasına istiqamətlənmiş addımlardır. Hər halda bütün bu reallıqlar fonunda danışıqların keçirilməsi ilə bağlı məkan və zaman seçilib. Məsələyə bu məntiqlə yanaşdıqda nikbin olmaq üçün elə ciddi əsaslar yoxdur. Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan xüsusilə də belə danışıqlar öncəsi təxribatlara, hərbi insidentlərə imza atır. Nəticədə isə ya danışıqlar baş tutmur, yox əgər danışıqlar baş tutsa da danışıqlar prosesində nəticə etibarilə fundamental, substantiv məsələlər deyil, daha çox ikincidərəcəli məsələlər diqqətdə saxlanılır. Belə olan vəziyyətdə hər dəfə də işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılması deyil, atəşkəsin yenidən bərpası kimi məsələlər daha çox müzakirə predmetinə çevrilir. Təbii ki, bu da Ermənistanın dəfələrlə sınaqdan çıxardığı bir taktikadır.Amma hər halda bu son insident yəni onların helikopter avantürası bu qənaətə gəlməyə əsas verir ki, Ermənistan rəhbərliyi deyəsən olduqca mürəkkəb daxili situasiya ilə üz-üzə qalıb. Paşinyan artıq ona dəstək verən küçənin də etimadını itirməyə başlayıb. Belə olan vəziyyətdə o həm də xəyanətdə ittiham olunur. “Qarabağ klanı”, onun rəhbərliyi, keçmiş prezidentlər – Koçaryan və Sarkisyan onu Ermənistana xəyanətdə ittiham edirlər. Bu vəziyyətdə "Qarabağ kartı" yenidən aktuallaşır və iyun ayının 5-də Paşinyan açıq mətnlə Qarabağ klanını qoşunların təmas xəttində və sərhəddə xəyanətə imza atmağa hazırlaşmaqda ittiham etdi. Bütün bunları nəzərə alsaq hesab edirəm ki, son dövrdə təmas xəttində olan gərginlik Ermənistandakı öz daxili gərginliyin ifadəsidir. Bu reallıqlar fonunda şəxsən Ermənistan diplomatiyası münaqişənin həlli ilə bağlı Vaşinqtonda hər hansı bir pozitiv, konstruktiv addıma imza atacağı ehtimalı kifayət qədər aşağı vəziyyətdədir”.

sia.az

Digər xəbərlər