"Xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərən UNESCO ilə Azərbaycanın əlaqələri öz tarixinə görə ölkəmizin BMT-yə qəbul olunduğu dövrdən də əvvəlki illərə təsadüf edir. Azərbaycanın UNESCO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993-cü ildən etibarən, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 1994-cü fevralın 21-də Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə yaradıldığını deyən söyləyib ki, 2005-ci il sentyabrın 15-dən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir.O bildirib ki, UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlayıb: "Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb. Bütün görülən işlərin nəticəsidir ki, dünyada xüsusi yeri olan bir təşkilatın yəni UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası məhz ölkəmizdə keçirilir. Azərbaycanın yüksək səviyyəli bir tədbirə ev sahibliyi etməsi xalqımızın zəngin mədəni irsinin qorunması, eyni zamanda, respublikamızın mədəni və turizm imkanlarının təşviq olunması, habelə ölkəmizə marağın daha da artması baxımından böyük əhəmiyyət kəsb edir".
sia.az