“Azərbaycan Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh istiqamətində addımlar atmasını gözləyir. Bu yol BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası ilə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.O bildirib ki, Ermənistan ilk növbədə öz silahlı qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkməli və bu istiqamətdə zəruri addımlar atmalıdır.Deputatın sözlərinə görə, bu addımlar hər iki tərəfi sülhə yaxılaşdıra bilər, gələcəkdə ciddi qərarların qəbul olunmasına şərait yaradır.Son günlər təmas xəttində sabitliyin hökm sürdüyünü deyən A. Mollazadənin fikrincə, buna səbəb ABŞ-da Azərbaycan və Ermənistan XİN başçıları arasında aparılan danışıqlar ola bilər: “Danışıqlar nəticələr verməlidir. Əks halda, hazırki vəziyyət gərginləşə bilər və bölgədə stabillik pozula bilər. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təxirə salınmaz addımlar atmalıdır. Bəlkə də Ermənistan Vaşinqton görüşündən sonra ABŞ-a sülh tərəfdarı olduğunu göstərmək istəyir. Ona görə də bu görüşdən sonra davranışı dəyişib”.Deputat hazırki sabitliyin arxasında Ermənistan tərəfindən növbəti təxribatın dayanmasını da istisna etmir: “ İşğal olunmuş ərazilərimizdə qoşun varsa, bu baxımdan istənilən zaman təxribatın olması gözləniləndir”.A. Mollazadə qeyd edib ki, Ermənistan beynəlxalq ictimaiyyətin fikrini dəyişmək üçün müxtəlif yollara əl ata bilər: “Çünki Ermənistanda indiyədək aparılan siyasət dəyişməz olaraq qalır”.
sia.az