PDF Oxu

Siyasət

  • 4 173

Mənəvi Dəyərlərin Təbliği Fondu qalibləri mükafatlandırıb TƏDBİR

Mənəvi Dəyərlərin Təbliği Fondu qalibləri mükafatlandırıb TƏDBİR

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondu 22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq media nümayəndələri arasında “Milli mətbuat – milli düşüncə” mövzusunda məqalə müsabiqəsinin qaliblərini mükafatlandırıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavinləri Rəfi Qurbanov, Ceyhun Əliyev, media kapitanları, qaliblər, fəal gənclər və KİV iştirak edib.Tədbiri giriş sözü ilə açan Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov bildirib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır: “Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir. Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinin qorunması baxımından KİV-in rolu danılmazdır. KİV bu gün bütünlüklə ayrı bir dünyadır və bu dünya öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir”.“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, Azərbaycan mətbuatı öz inkişaf tarixində uzun və mürəkkəb yol keçib: “Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir".“Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev çıxışında deyib ki, informasiya axını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevrilib: “Biz elə bir zamanda yaşayırıq ki, gənclərimizin mənəvi-əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Xüsusilə, gənclərimizin mürəkkəb zaman kəsiyində düzgün tərbiyə olunmasında KİV böyük qüvvəyə malikdir. Lakin təəssüf ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına açıq-aşkar böyük zərbələr vurur. Bazar iqtisadiyyatı dövründə əvəzsiz məfkurə sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır”.“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük önəm verilir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sağlam cəmiyyətin formalaşdırılmasında, milli dəyərlərimizə bağlı gəncliyin yetişməsində bunun böyük rolu var. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən baş redaktor vurğulayıb ki, bu gün mənəvi dəyərlərimizin qorunması və təbliği işi xüsusi diqqət mərkəzindədir."Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edib ki, gənclərimizin mənəvi-əxlaqi zəmində yazılmış yazılara böyük ehtiyacı var: “Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Bu gün kütləvi informasiya vasitələri bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilib”.Sonda qaliblərin mükafatlandırılması mərasimi olub.

sia.az

Digər xəbərlər