“Bu gün Azərbaycan ənənəvi olaraq XV Avropa Gənclər Olimpiya Festivalı kimi tədbirlərə ev sahibliyi edir və dünyanın hər tərəfində ölkəmizi məhz belə tədbirlərin keçirilməsi üçün ən əlverişli bir ölkə kimi qəbul edirlər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, istər idman yarışları, ictimai-siyasi məsələlərin müzakirəsi olsun, istərsə də mədəni, kütləvi tədbirlərin keçirilməsi baxımından Azərbaycan artıq dünyanın mərkəzidir: “Mən şəxsən Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının açılışını televizordan müşahidə edəndə bir məqam diqqətimi çəkdi. Hər ölkədən onlarla, bəzən də yüzdən artıq idmançılar gəlib. Həmin idmançılar açılış zamanı meydana çıxarkən onların əllərində mobil telefonlarla çəkiliş apardıqlarını gördüm. Siz indi təsəvvür edin ki, Bakıya 3 mindən artıq idmançı gəlib. Həmin idmançılardan 3 min olmasa da ən azından 2 min 500 (beş yüz) nəfəri çəkiliş aparıb. Təbiidir ki, həmin çəkilişlər paylaşılır. Eyni zamanda idmançıların gəldikləri ölkələrdən xeyli sayda jurnalistlər gəlib. Ötən gün eşitdim ki, 81 nəfər beynəlxalq xarici jurnalist akkreditasiyadan keçib. Bununla belə idman yarışlarının özlərindən yayımlar verilir. Dünya mediası xüsusən də Avropa mediası bu yarışlarla bağlı reportajlar hazırlayıb. Yəni bütün bunlar Azərbaycanın müsbət mənada tanıdılması üçün çox gözəl bir imkandır. Bəzən deyirlər ki, niyə biz özümüzə bu qədər əziyyət veririk. Biz o adamlara izah etməyə çalışırıq ki, ermənilər və onların havadarları Azərbaycanın bir vəhşi obrazını yaratmağa çalışırlar. Təbiidir ki, bu əsassızdır. Amma biz də özümüzün necə bir millət olduğumuzu dünyaya göstərməyə, yəni özümüzü tanıtmağa məcburuq".
sia.az