“Paşinyanın bəyanatları bütövlükdə münaqişənin dinc yolla tənzimlənməsi prosesinə sözün həqiqi mənasında ciddi xələl yetirir. Bu onu sübut edir ki, Ermənistan sadəcə olaraq bu gün münaqişənin tənzimlənməsi istiqamətində bəhanə axtarmaqla məşğuldur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.O bildirib ki, Azərbaycan heç bir halda qondarma rejimlə danışıqlara getməyəcək: “Çünki bu rejim cinayətkar bir rejimdir. Azərbaycan dövləti cinayətkarlarla hər hansı bir məsələni müzakirə edə bilməz. Dağlıq Qarabağda hökm sürən separatçı rejimdir və separatizm cinayətin növlərindən biridir. Digər tərəfdən, ortada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, ərazi iddiaları var. Bu baxımdan Azərbaycan tərəfi qəti olaraq qeyd edib ki, danışıqlar prosesinin subyekti Azərbaycandan və Ermənistandan ibarətdir. Qondarma Dağlıq Qarabağ rejimi ilə Azərbaycanın hər hansı bir məsələ ətrafında danışıqlara getməsi o anlama gələ bilər ki, biz Dağlıq Qarabağı müstəqil subyekt kimi qəbul edirik və Ermənistan da bundan sonra öz maraqları istiqamətində bu məsələdən istifadə edər. Bu baxımdan ölkə prezidenti İlham Əliyev də bildirib ki, qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar prosesində tərəf kimi iştirak etməsi qəbuledilməzdir və Azərbaycan buna heç vaxt yol verməyəcəkdir”.“Azərbaycanın Dağlıq Qarabağ ərazisində aparılan separatizm Ermənistan tərəfindən dəstəklənir”, - deyən politoloq əlavə edib ki, bunu Paşinyan bəyanatları ilə açıq şəkildə etiraf edir: “Çünki Paşinyan hökumətinin 5 illik fəaliyyət planında da yer alan məqamlardan biri ondan ibarətdir ki, Ermənistan bundan sonra da qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar prosesində ayrıca bir tərəf kimi çıxış etməsinə nail olmağa çalışacaqdır. Deməli, erməni tərəfi bununla bir daha sübut edir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki cinayətlərə görə məsuliyyəti Ermənistan daşıyır. Bu açıq etirafdır. Bu da ondan xəbər verir ki, Paşinyanın siyasi və hüquqi savad çərçivəsi olduqca dardır. Bütövlükdə Paşinyanın mövqeyi həm beynəlxalq hüquq normalarına ziddir, həm də yenilənmiş Madrid prinsipləri ilə ciddi ziddiyyət təşkil edir. Bu da münaqişənin tənzimlənməsi prosesində həyata keçirilən Madrid prinsiplərini şübhə altına alır. Yəni onun müsbət nəticələrini şübhədə saxlayır”.
sia.az