Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Jan-İv Lö Qalla görüşü zamanı Azərbaycanda kosmik sənayenin inkişafında əldə edilən uğurlar, yüksək texnologiyaların, o cümlədən, kosmik sənayenin ölkəmizdə prioritet sahələri barədə geniş danışılıb. Həmçinin, Azərbaycanın artıq üçüncü süni peykinin orbitə buraxılması mühüm hadisə kimi dəyərləndirilib və ölkəmizin dünya kosmik ailəsinin üzvü olmasının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən, kosmik sənaye sahəsində uğurla inkişaf etdiyi bildirilib, eyni zamanda, ölkəmizin Beynəlxalq Astronavtika Federasiyası ilə də əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub.
“Biz Azərbaycanda güclü kosmos sənayesinin qurulması üçün beynəlxalq tərəfdaşlarımızla işləyirik”
Bu gün ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, 2009-cu ildə ölkədə “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” dövlət başçısının sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı. Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adı ilə ərsəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən “Azərspace-1” telekommunikasiya peykinin orbitə çıxarılması, ölkəmizin daha bir nailiyyəti olaraq, tarixə düşdü.
Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrilib
“Azərspace-1” telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti idi. Bu, həm də Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan “Azərspase-1” peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Azərbaycan Prezidenti İlham Əliyev bu peykin fəaliyyətinin iqtisadi cəhətdən səmərəli olacağını vurğulamışdır: “Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin”.
2013-cü ildə ilk peykimiz olan “Azərspace 1” telekommunikasiya peyki, 2014-cü ildə isə “Azərsky” müşahidə peyki orbitə çıxarılıb. Və nəhayət, üçüncü peykin orbitə çıxarılması ölkəmizdə kosmik sənayenin inkişafında növbəti addım oldu.
Ölkə Prezidenti “Azərspace-1”i Azərbaycanda kosmos sənayesinin başlanğıcı adlandıraraq bildirmişdir ki, “Azərspace-1” o deməkdir ki, “Azərspace-2”, “Azərspace-3” və digərləri olacaq: “Biz Azərbaycanda güclü kosmos sənayesinin qurulması üçün beynəlxalq tərəfdaşlarımızla işləyirik”.
Bu gün qürurla demək olar ki, Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Kosmik sənayenin inkişafı üçün mövcud olan çox əlverişli imkanlar bu sahənin gələcəyi ilə bağlı nikbin düşünməyə, Azərbaycanın yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcəyini deməyə əsas verir.
Prezident İlham Əliyev yeni peykin orbitə buraxılması münasibətilə xalqa ünvanladığı təbrikində bu peyklərin çox böyük əhəmiyyəti olduğunu bildirib. Dövlət başçısı deyib ki, ilk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.
Ümumilikdə, infrastruktur layihələrinin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azərsky” peykinin xüsusi rolu var. Bu peyk, həmçinin, kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsində vacib əhəmiyyət kəsb edir. Bu peykin fəaliyyəti nəticəsində, Azərbaycan qeyd edilən sahədə xaricdən asılılığı tamamilə aradan qaldırıb və bir çox ölkələr üçün peyk xidməti göstərir. Məhz ölkə Prezidentinin 2019-cu ilin büdcəsində sosial müdafiə xərclərin artırılmasına xüsusi diqqət yetirməsi deyilənlərin real sübutudur.
Sosial müdafiə xərcləri artırılıb
Prezident İlham Əliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanuna dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 3 928 104 000 manatdan 4 128 104 000 manata, xərcləri isə 3 928 104 000 manatdan 4 128 104 000 manata qaldırılıb.
Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin xərclərinin əhaliyə ödənişlər üzrə xərclər istiqamətində 3 834 944 000 manatdan, 4 020 444 000 manata qaldırılıb. Eyni zamanda, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 500 000 manatdan, 23 000 000 manata qaldırılıb.
Bəli, son 6 il ərzində, orbitə 3 peyk çıxaran Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və bayrağımız ən yüksək zirvələri fəth edir. Bir sözlə, “Azərkosmos” beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıq qurur ki, bu da, öz növbəsində, müstəqil Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında intellektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısı kosmos sənayesinin inkişafının əhəmiyyətindən danışarkən, çıxışlarında bildirib ki, bu peyklər, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından çox önəmlidir.
Eyni zamanda, bütün bu deyilənlərin məntiqi nəticəsidir ki, yüksək texnologiyaların ixracında ən böyük artım göstərən Avropa ölkələrinin siyahısında Azərbaycanın orta hesabla 41,1 faizlik illik artım tempi ilə ikinci sırada qərarlaşması bu ölkəmizin böyük nailiyyəti və Azərbaycanın dünyada kosmik uğurlarının göstəricisidir.
RƏFİQƏ KAMALQIZI