“Radikal müxalifət təmsilçiləri hər kimlə ittifaqa girməsinə rəğmən, heç bir uğur qazanmayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının (YP) sədri Mais Səfərli deyib.O bildirib ki, radikalların ətrafında olanlar son dərəcə kiçik elektoratı təmsil edir: “Radikal müxalifəti dəstəkləyən elektorat o qədər az və zəifdir ki, bununla onlar ölkədəki ictimai-siyasi proseslərə, ictimai rəyə təsir edə bilmirlər. Belə olan halda, siyasətdə hər hansı qalibiyyətdən və ya seçkidə uğur qazanmaqdan söhbət gedə bilər?”.M.Səfərli vurğulayıb ki, indiyə qədər Azərbaycanda keçirilən bələdiyyə, parlament və prezident seçkilərində radikal müxalifət partiyaları, həmçinin o təşkilatlarda özlərini “lider” elan etmiş şəxslər çox böyük üstünlüklə məğlub olublar: “Ona görə də radikal müxalifət funksionerlərinin ayrı-ayrılıqda, yaxud da birgə halda Azərbaycan vətəndaşlarını öz tərəflərinə çəkəcəyinə inanmıram. Çünki onlar cəmiyyətə yeni nə isə təqdim edə bilmirlər”.Partiya sədri söyləyib ki, radikal müxalifət partiyaların və onların rəhbərlərinin yeni ideyası, zamana uyğun mesajları, alternativ proqramları yoxdur: “Vətəndaşın, seçicinin biri də mənəm. Mövcud iqtidarın həyata keçirdiyi siyasi kursdan, indiyə qədər görülən işlərdən fərqli olaraq, onlar məni nə ilə inandıra, öz sıralarına cəlb edə bilərlər? Əlbəttə ki heç nə ilə”.Bu gün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələlərin olduğunu deyən YP sədri qeyd edib ki, olduqca mürəkkəb, narahat coğrafi regionda yerləşən Azərbaycanın inkişafı məhz hazırki stabilliyin üzərində qurulub: “Bu sabitliyin qorunub saxlanması üçün həmin radikallar nə təklif edirlər? 90-cı illərdə AXC-Müsavat cütlüyünün siyasi hakimiyyəti dövründə ölkədə baş verənləri nəzərə alsaq, ümumiyyətlə radikal müxalifətin mövcud sabitliyi qoruya biləcəyi nə dərəcədə realdır? Məhz bu kimi amillər Azərbaycan cəmiyyətində onlara qarşı dərin inamsızlıq formalaşdırıb. Azərbaycan vətəndaşları qloballaşan, inkişaf edən, mürəkkəbləşən dünyada gedən prosesləri, o cümlədən böyük dövlətlərin qarşıdurmasını, müstəqil dövlətlərin müharibələr meydanına çevrilərək dövlətçiliyin, dinc insanların məhv edilməsini görür və düzgün nəticə çıxararaq Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasi kursa dəstək verirlər”.
sia.az