"Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində infrastrukturu yenilməklə “Böyük Ermənistan” yaratmaq xülyasını gerçəkləşdirmək niyyətindədir. Bu onu göstərir ki, ermənilər işğal altında olan əraziləri getdikcə özününküləşdirir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, uzun illər ərzində Ermənistanla tək Dağlıq Qarabağ yox, Azərbaycanın işğal altında olan başqa yeddi rayonu arasında da yollar çəkilir: "Bu gün Kəlbəcərə yollar çəkilib və orada olan “İsti su” təmir olunub. Onlar indi də yeni layihə ilə Qafan tərəfdən Xocavənd rayonu istiqamətinə yollar çəkəcəklər. Eləcə də işğalçı ölkə Xankəndinə yeni yollar çəkiblər və orada bütün infrastukturu yeniləyiblər. Azərbaycan tərəfi 30 ilə yaxındır ki, bu məsələlərə qarşı çıxsa da, bəyanat versə də amma Ermənistan dövləti bunlara məhəl qoymur. Bu gün Ermənistan qeyri-qanuni məskunlaşmanı getikcə artırmaqdadır. Bunlar hamısı o deməkdir ki, ermənilər o əraziləri artıq özününkü hesab edir.Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud olanda o vilayətin ərazisi 4.4 min kvadrat kilometr idi. Ancaq bu gün “Arsax” respublikası deyilən tanınmamış qondarma “DQR” deyilən o dövləti qurublar və onun ərazisini 11.5 min kvadrat kilometr göstərirlər. Bura Kəlbəcər, Laçın, Ağdam rayonunun mərkəzi daxil olmaqla bəzi ərazilər, Xanlar, Göygöl rayonunun bir hissəsi, keçmiş Şaumyan kənd rayonunu və s. hamısını bura qarışdırıblar. Bu o deməkdir ki, ermənilər heç bir beynəlxalq hüquqla hesablaşmır və heç bir bəyanata, etiraza məhəl qoymur. Bunların qarşısı alınmalıdır. Bunların qarşısını almaq üçün yeganə bir çıxış yolumuz var o da hərbi gücümüzdən istifadə etməkdir".
sia.az