"İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. Cənab Prezident müşavirədə vurğuladı ki, son 6 ay ərzində Azərbaycan iqtisadiyyatında davamlı inkişaf tempi qorunub saxlanılıb və bütövlükdə əldə edilən nəticələr kifayət qədər müsbətdir. Xüsusilə ölkə başçısı vurğuladı ki, son 6 ay ərzində iqtisadiyyatımızda 2,4 dəfə artım qeydə alınıb, qeyri-neft sektorunda isə bu artım 3,2 faizə gəlib çatıb. Ən rekord nəticə isə qeyri-neft sənayesindədir ki, burada da 15,7 faiz artım qeydə alınıb. Eyni zamanda cənab Prezident ölkədəki kənd təsərrüfatının inkişafı ilə bağlı sahəyə də xüsusi diqqət ayırdı. Dövlət başçısı qeyd etdi ki, məhz qoyulan investisiyalar, aparılan islahatlar, subsidiyaların verilməsi və problemlərin həllinə elmi yanaşma nəticəsində kənd təsərrüfatında 6 ay ərzində 13 faiz artım qeydə alınıb. Təbii ki, bunun da 25 faizi bitkiçiliyin inkişafı sahəsində baş verib". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib."Cənab Prezident həmçinin ona diqqəti cəlb etdi ki, son 6 ay ərzində Azərbaycan iqtisadiyyatına 6 milyard dollardan artıq investisiya qoyulub ki, bunun da mütləq əksəriyyəti qeyri-neft sektoruna qoyulan investisiyalardır. İnflyasiyanın səviyyəsi 2,5 faizə gəlib çatıb, əhalinin gəlirləri isə son 6 ərzində 6,6 faiz artıb. Biz hələ uzun müddət idi ki, belə rekord nəticə əldə etməmişdik. Valyuta ehtiyatlarımız artıq gəlib 49 milyard dollara çatıb ki, bu da bizim çox böyük sərvətimizdir. Dövlət başçısı hətta vurğuladı ki, iqtisadi maliyyə böhranı illərində biz həmin valyuta ehtiyatlarımızı qorumaq və onu möhkəmləndirməyə nail ola bilmişik. Son 6 ərzində biz daha valyuta ehtiyatlarımızı 4 milyard dollar artırmışıq ki, bunlar da çox mühüm nəticələrdir. Bütün bu uğurlarda əsas məqsəd əhalinin sosial rifahının gücləndirilməsi və həyat şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə rəhbəri onu da vurğuladı ki, bu istiqamətdə ilin əvvəlindən iki mühüm sosial islahatlar paketi həyata keçirilib. Birinci sosial paket 3 milyon insanı əhatə edib və onun da maliyyə tutumu 1,5 milyard dollar təşkil edib. İkinci sosial paket isə 1 milyon 200 min insanı əhatə edib. Nəticə etibarilə bu illəri bu islahatlar üçün 2,3 milyard dollar vəsait xərclənib. Gələn il isə həmin vəsaitin həcmi 3 milyard dollara gəlib çatacaq.Bütün bunlar məhz Azərbaycan xalqının sosial rifahının gücləndirilməsi məqsədilə edilib. Bütün bu addımlar heç şübhəsiz ki, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Xüsusilə də Azərbaycanda investisiya, biznes mühitinin inkişafı sahəsində də çox ciddi nailiyyətlər əldə edildiyini beynəlxalq reytinq təşkilatları da öz hesabatlarında vurğulayırlar. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və hazırda 25-ci yerdəyik”-deyə, E.Nəsirov fikrini tamamlayıb.
sia.az