Dövlət hər zaman vətəndaşının yanındadır
Bütün bunlar nədən xəbər verirdi? Bir tərəfdən, indiyə qədər də Prezident İlham Əliyev hər zaman vətəndaşın yanında olmuş, problemlərin həllinə çalışmışdı. Bunu real faktlar da sübut edir. Belə ki, son bir ildə sadəcə, bu qayğının miqyası və dərinliyi xeyli artdı. Ölkə Prezidenti bu cür fəaliyyəti ilə bütün dövlət aparatını vətəndaşın qulluğunda durmağa, onun problemini həll etməyə kökləyir. Əvvəlki illərdə “Mən hamının Prezidentiyəm” bəyanatının məntiqi reallığı dövlət hər zaman vətəndaşının yanında olduğu son 15+1 ildə sübuta yetirildi.
Son 16 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur
Bu, real faktordur ki, Azərbaycanın sosial-iqtisadi inkişafının təməlində, həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Bu gün tam müstəqil siyasət yürüdən Azərbaycan heç kimdən asılı deyil və iqtisadi müstəqillik ölkəmizə böyük dividendlər qazandırıb. Dövlət başçısnın söylədiyi kimi, iqtisadi baxımdan 16 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur: “Bütün bu işləri öz daxili imkanlarımız hesabına görürük, heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrinin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib, sizin problemlərinizi həll edəcəyik”.
İnqilabi qərarlar - uğurlu nəticələr...
Bəli, bu gün biz bunun nəticəsini son 16 ildə əldə olunun uğurların bir daha təsdiqinin şahidlərinə çevrildik. İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Məhz bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi, ilk növbədə, belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Prezident İlham Əliyev bütün çıxışlarında bu barədə dəfələrlə bildirib ki, Azərbaycanda aparılan siyasətin prioritetlərindən biri onun sosial xarakter daşımasıdır. Və ən əsası isə, yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi dayanır. Xüsusilə, dövlət başçısının vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişaf etdirilməsinə xidmət edən sərəncamları, fərmanları və qərarları realaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manatadək artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqının 38 faiz artırılması və 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də, təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğunu bir daha sübut etmiş olur.
Prezidentin siyasətdə uğur modeli: xalq-dövlət birliyi
Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 16 il müddətində daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: “Mən bütün azərbaycanlıların Prezidentiyəm” şüarını gerçəyə çevirir.
Prezident İlham Əliyev uğurlu gedişləri ilə Qərb dairələrinin də diqqətini çəkir. Adı “siyasi məhbus” kimi hallananları əfv edir, sosial narazılığa səbəb olan qərarların ləğvini reallaşdırır və sadə vətəndaşların istəklərini əsas götürərək, ictimai rəyi nəzərə aldığını nümayiş etdirir. Nə bəzi beynəlxalq dairələrin təzyiqi, nə də ki “söyüş müxalifəti”nin təhqirləri Ona mane ola bilmir. Və müxalifətin sözdə bəyan etdiyini dövlət başçısı İlham Əliyev əməldə həyata keçirir.
Xüsusilə, qeyd etmək lazımdır ki, son 16 ildə hər il yeni iş yerlərinin açılması, yeni istehsalat müəssisələrinin və emal zavodlarının yaradılması artıq bir ənənə halını almışdır. Belə ki, bu dövr ərzində, işsizlik və yoxsulluq 49 faizdən 4,5 faizə düşmüşdür. Ölkədə minlərlə yeni müəssisə yaradılmaqla, 1 milyon 700 minədək yeni iş yeri açılmışdır. 3 mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilmiş, Gənclər Evi, Tarix-Diyarşünaslıq muzeyləri, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, yeni parklar, istirahət mərkəzləri yaradılmış və s. tədbirlər həyata keçirilmişdir.
Ən önəmli məsələlərdən biri də ölkədəki qazlaşdırmanın son 7 ildə 51 faiz səviyyəsindən 93 faizə qalxmasıdır ki, bu ilin sonunadək bu göstəricinin 95 faizə yüksəldilməsi planlaşdırılır. Bu dövrdə, hətta sovetlər dönəmində qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılmışdır. MDB məkanında yeni yolların ən çox çəkilişinə görə də öndəyik. Son bir neçə ildə 11 min kilometrdən çox avtomobil yolu tikilmiş, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin, kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulmuşdur.
Qısqanclıqla qarşılanan həqiqətlər
Ölkə Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilir. Belə ki, iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların və müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq, bəzi daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən mətbuat əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə və onun əhəmiyyətini azaltmağa çalışır. Bu mənada, bir sıra müxalifət funksionerləri, mətbuatı Azərbaycanda əmək haqlarının, pensiyaların və təqaüdlərin artırılması ilə bağlı son sərəncamları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müəyyən cəhdlər göstərirlər. Əgər ölkəmizdə son 16 ildə əmək haqlarının mütəmadi qaydada yüksəldilməsini nəzərə alsaq bu iddianın düzgün olmadığını görmüş olarıq. Bu baxımdan, elementar bir müqayisəni göstərmək istərdim. Əgər Azərbaycanda 2013-cü ilin dövlət büdcəsi 25 milyard dollar təşkil edirdisə, Ermənistanın dövlət büdcəsi isə 2,5 milyard dollardır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistanınkından 10 dəfə çoxdur. Eyni zamanda, Gürcüstanın dövlət büdcəsi 4,8 milyard dollardır. Bu da, ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstanınkından 5 dəfə çoxdur.
Beləliklə, bütün bunlar, o deməkdir ki, dövlət başçımız növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirəcək və xalqımızın rifah halı daim yüksələcək.
Bu hədəfə çatılacağına şübhə etmək lazım deyil; çünki Prezident İlham Əliyevin son bir ildəki yox, bütün siyasi karyerası ərzindəki fəaliyyəti qəti şəkildə sübut edib ki, O, vədlərini hər zaman yerinə yetirir.
RƏFİQƏ KAMALQIZI