Əli Əhmədov: “Xoşagəlməz hal ondan ibarətdir ki, bu qrup insanlar ayrı-ayrı dairələrin alətinə çevrilə bilərlər”
Bir sıra Qərbi Avropa ölkələrində özlərini “siyasi mühacir” kimi qələmə verərək, Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən qrupların sosial media texnologiyası fürsətlərdən yararlanıb “nala-mıxa” döymələri faktı bu gün də gündəmində qalmaqdadır. Lakin daha bir fakt ondadır ki, belələri yalnız dövlət və xalq əleyhinə deyil, həm də bir-birlərinin əleyhinə kampaniyalar aparır, bu vasitə ilə onlara maliyyə verən müxtəlif anti-Azərbaycan şəbəkələrindən bacardıqca daha çox qrantlar toplamağa cəhdlər göstərirlər. Bu baxımdan, zaman-zaman bir-birləri ilə də “yabalaşmağa” vaxt tapırlar. Misal üçün, bu gün Azərbaycanın siyasi arenasında “siyasi müxalifət” kimi “lider partiya” iddiasında olan AXCP və Müsavat partiyalarının tərəfdarları Avropa ölkələrində bir-birlərinə ən barışmaz, qənim kəsilən düşmənlər kimi yanaşırlar. Çünki həmin partiyaların Bakıdakı rəhbərləri də eyni prizmadan çıxış edirlər. O cümlədən, digər müxalif yönlü hərəkat və partiyaların da təmsilçiləri qarşıdurmalarda barışmaz rəqiblərə çevrilməkdədirlər. Bütün bunların təməlində isə, daha bir reallıq dayanır – “mühacir biznesi” monopoliyası. Beləliklə, daha çox qrant əldə etmək savaşı ilə “mühacir biznesi” maraqları radikal təfəkkürlü müxalifətçilərin ambisiyalarını artırmaqla yanaşı, həm də onların bir-birlərinə tərəf cəbhə açmaları ilə də nəticəsini tapır. Lakin bütün bunların əsasında dayanan əsas amil güclü, nüfuzlu, beynəlxalq dairələrdə söz sahibinə çevrilmiş Azərbaycanın adına ləkə yaxmaq, şər-böhtan xarakterli dezinformasiyalar yaymaqla çirkli pul-para qazanmaqdır.
“Belə bir təhlükə mövcuddur”
Bu arada, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun Səbail və Xətai rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə keçirdiyi müşavirə səsləndirdiyi fikirləri maraq doğurur.“Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ölkədə siyasi proseslərdə iştirak niyyətini ortaya qoyan siyasi fəalların bəziləri Azərbaycanda deyil, kənarda fəaliyyət göstərirlər”, deyə qeyd edən Əli Əhmədov qeyd edib ki, onların siyasi fəaliyyətlə əlaqədar davranışları ciddi şəkildə suallar doğurur: “Xoşagəlməz hal ondan ibarətdir ki, bu qrup insanlar ayrı-ayrı dairələrin alətinə çevrilə bilərlər. Belə bir təhlükə mövcuddur”.Məhz həmin fikirlərdən bir daha belə bir nəticəyə gəlmək olar ki, xarici ölkələrdə bir-birləri ilə qrant müharibəsinə gedən ünsürlər ayrı-ayrı dairələrə nökərçilik edərək, ağalarının onlara verdikləri hər bir əmrə canla-başla tabe olurlar. Çünki belələrinin qazanc mənbələri birbaşa erməni lobbisi və lobbinin dəstəyi ilə fəaliyyət göstərən xarici təşkilatlardır. Əgər xatırlasaq ki, Azərbaycanda cərəyan edən müxtəlif ictimai-siyasi proseslərdən əvvəl və sonra müxtəlif adda qurumlar, misal üçün “Freedom House”, “Human Ritch Watch” və s. adda təşkilatlar dərhal “hesabatlar” hazırlayıb, onları dövlətimiz əleyhinə yönəldirlər, bu zaman cənab Əli Əhmədovun təhlükə mövcudluğu barədə irəli sürdüyü fikirləri kifayət qədər öz təsdiqini tapmış olur. Bu təhlükə isə məhz Avropa ölkələrindəki “siyasi mühacir” adı altındakı xəyanətkarlardan qaynaqlanır.
“Son zamanlar müasir texnologiyalardan istifadə edərək Azərbaycan reallıqlarına kölgə salır, şər-böhtan səsləndirirlər”
Digər tərəfdən, “Müxtəlif dövrlərdə müxtəlif ölkələrdə siyasi mühacirlər həmin ölkələr üçün ciddi problemlər yaradıblar”, deyə vurğulayan Əli Əhmədov bir daha çağırış edərək bildirib ki, Azərbaycan ictimaiyyəti onların xoşagəlməz hərəkətlərinə öz münasibətini bildirməlidirlər: “Son zamanlar müasir texnologiyalardan istifadə edərək Azərbaycan reallıqlarına kölgə salır, şər-böhtan səsləndirirlər”.Biz, xatırlaya bilərik ki, bir müddət öncə cənab Əli Əhmədov 750 minə yaxın YAP üzvlərini, xüsusilə gənc fəalları vahid şəkildə birləşərək, radikal, dağıdıcı təfəkkürə malik müxalifətə, habelə xarici ölkələrdəki emissarlara qarşı mübarizəyə səsləmişdi. Bu çağırışın əsas mahiyyəti isə, həm də ondan ibarətdir ki, sözügedən ünsürlər heç vaxt öz çirkin əməlləri ilə Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edən nəhəng YAP ordusunun qarşısında tab gətirmək gücündə deyillər. Ona görə də, hər hansı bir yaranacaq təhlükələrin qarşısının alınması üçün nəinki YAP-ın gənc fəalları, habelə Azərbaycan dövlətini sevənlər, onun uğrunda davamlı mübarizə aparmağı özlərinə borc bilənlər də bu mübarizəyə qatılmalı, dövlət və xalq naminə öz sözlərini deməlidirlər.
sia.az