Dövlət büdcəsi vətəndaşların rifahı naminə xərclənir
Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq və vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Növbəti maaş artımı sosial siyasətin məntiqi göstəricisidir
Bu baxımdan, artıq sentyabr ayından etibarən vahid tarif cədvəli ilə əməkhaqqı alanların maaşları 40 faiz artması və bu artımın, ümumilikdə, 450 min insana şamil edilməsi, bir daha onu sübut edir ki, Prezident İlham Əliyev verdiyi bütün vədlərin həyata keçirilməsində maraqlıdır, o cümlədən, sözügedən sosial siyasət qarşıdakı zamanlarda da davam etdiriləcək. Belə ki, Prezident İlham Əliyevin minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı Sərəncamı ilə yeni vahid tarif cədvəlinə əsasən, 1-ci kateqoriya üzrə minimum əməkhaqqı 250, 19-cu kateqoriya üzrə isə 906 manat müəyyənləşib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun sözlərinə görə, bu artım 450 min insanı əhatə edəcək.
Sentyabrın 1-dən maaşları artacaq dövlət və ya özəl qurumlarda işləyənlərin, o cümlədən Mərkəzi Seçki Komissiyası, Sədr - 3060 manat, Sədrin müavini - 2845 manat, Katib - 2110 manat, Komissiya üzvü - 1920 manat; Bakı və Sumqayıt şəhərlərinin səhiyyə şöbələri: baş mühasiblərin maaşı 336 manatdan 470 manata, baş mühasibin müavininin maaşı 315 manatdan 440 manata, bölmə rəhbəri və qrup rəhbərinin maaşı 308 manatdan 430 manata, böyük mühasib və böyük iqtisadçının maaşı 303 manatdan 420 manata, aparıcı mühasib və aparıcı iqtisadçının maaşı 297 manatdan 410 manata, mühasib və iqtisadçının maaşı 292 manatdan 405 manata, böyük xəzinədar və kompüter üzrə mütəxəssisin maaşı 270 manatdan 375 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, xəzinədar, katibə və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan 260 manata qaldırılıb.
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilər: ali kateqoriya üzrə aylıq vəzifə maaşları 220 manatdan 310 manata, 1-ci kateqoriya dövlət orqanlarında dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 210 manatdan 295 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 200 manatdan 280 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 180 manatdan 260 manata qaldırılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı və AMEA-nın Gəncə bölməsinin aparatının işçiləri: AMEA prezidentinin maaşı 1837 manatdan 2570 manata, AMEA-nın 1-ci vitse-prezidentinin maaşı 1276 manatdan 1780 manata, AMEA-nın vitse-prezidenti, akademik katibinin maaşı 1177 manatdan 1645 manata, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik - katibinin maaşı 880 manatdan 1230 manata, idarə rəisinin maaşı 853 manatdan 1190 manata qaldırılıb.
Təhsil Nazirliyinin Ərazi-Maliyyə Hesablaşma Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi.
Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Sözü ilə əməli vəhdət təşkil edən LİDER
Görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu gün Azərbaycanın daha güclü olması üçün ardıcıl uğurlu siyasəti davam etdirmək son 16 ildə görülən işlərin uğurlu nəticələri bir daha təsdiqləyir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində, Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib.
“Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi, bütövlükdə, müsbət cavab verməsi də, bunu təsdiq edən faktordur. Məsələ ondadır ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və çox müsbət səciyyələndirirlər. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutub. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirir. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbii hesab olunmalıdır.
Ekspertlər nə deyirlər?
Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Təsadüfi deyil ki, son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilib.
Sədaqət Vəliyeva:
“Azərbaycanda sosial
sahədə inqilabi addımların növbəti mərhələsi başlanır”
“Ötən gün Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzaladı. Bu isə, Azərbaycanda sosial sahədə atılan inqilabi addımların növbəti mərhələsinin başlandığına işarə idi”. Bunu “SƏS”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva əlavə edib ki, sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını təsdiqləməklə yanaşı, eyni zamanda, Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha sübut edir.
İslahatlar kompleks
xarakter daşıyır
Cənab Prezidentin ötən bir illik fəaliyyətini qiymətləndirməyə imkan verən ən mühüm məsələlərdən biri bu ilin fevral ayından vətəndaşların rifahının daha da yüksəldilməsi ilə bağlı verilən qərarlar oldu. Bir daha təsdiq olundu ki, əhalinin sosial rifahının gücləndirilməsi ölkədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Xüsusilə, Prezidentin imzaladığı sərəncamlar göstərdi ki, islahatlar kompleks xarakter daşıyır və atılan hər bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır. Qazanılan uğurlar bir daha onu sübut edir ki, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində, Azərbaycan qarşısında dayanan hədəflərə və müəyyən etdiyi məqsədlərə doğru inamla irəliləyir. Şübhəsiz, bu dəyişikliklərin memarı Möhtərəm Prezidentimiz İlham Əliyevdir.
Bir sözlə, Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr, deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə, qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyasət tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə, insanların özlərini güvənli hiss etməyə sövq edir. Qətiyyətlə bildirmək olar ki, Cənab İlham Əliyevin yeritdiyi kurs, nəinki böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, hətta islahata inqilabi yanaşma nümunəsidir.
Beləliklə, bütün bunlar o deməkdir ki, dövlət başçımız növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirəcək və xalqımızın rifah halı daim yüksələcək.
RƏFİQƏ KAMALQIZI