Qurultaya hazırlıq prosesində ziddiyyətlər var
Müsavat partiyasının növbəti qurultayı ərəfəsində təşkilat daxilindəki vəziyyət gərginləşib. Belə ki, başqanlığa namizədlər arasında mövcud olan iddialar, eyni zamanda onların hər birinin ayrı-ayrı qruplara sahib olmaları, kuluarlarda bir-birlərinin əks-təbliğat aparmaları artıq belə bir mənzərə yaradır ki, qurultay kifayət qədər gərgin, qarşıdurmalı şəkildə keçəcək. Artıq o da məlum olub ki, oktyabrın 12-də keçirilməsi gözlənilən qurultaya hazırlıq prosesində başqanlığa namizədlərin hazırkı başqan Arif Hacılıya qarşı kompromatları da olacaq. Daha dəqiq desək, qurultayda hesabat-seçki məsələsi də gündəmdə olacaq və partiya başqanının, mərkəzi nəzarət-təftiş komissiyasının hesabatları dinləniləcək.
Tofiq Yaqublu və Yadigar Sadılı Arif Hacılıya qarşı kompromatlar hazırlayıblar
Məhz həmin hesabatlarda A.Hacılıya qarşı müəyyən hücumların olacağı gözlənilir. Həmçinin, başqanlığa namizəd olacaqlarını bəyan edən iki şəxsin - Müsavat Divanının üzvləri Tofiq Yaqublunun və Yadigar Sadıqlının ayrı-ayrılıqda öz qruplaşmalarına müxtəlif tapşırıqlar verdikləri də əldə edilən məlumatlar sırasındadır. Onlar hazırda gözləmə mövqeyindədirlər və söz yox ki, A.Hacılının rəsmi qaydada namizədliyini irəli sürəcəyi günü gözləyirlər. Bundan sonra isə vəziyyət növbəti və daha qalmaqallı fazaya keçid alacaq.
Namizədlər bir-birlərinə qarşı sosial şəbəkədə müharibə elan ediblər
Daha bir maraqlı nüans budur ki, başqanlığa namizədlər öz təbliğatlarını sosial şəbəkələrdə də aparırlar. Onların tərəfdarları sözügedən məsələdə fəallaşıblar. Y.Sadıqlının adamları həm T.Yaqubluya, həm də A.Hacılıya qarşı müxtəlif sətiraltı tənqidi fikirlər yazır, T.Yaqublunun da adamları eyni prosesi davam etdirirlər. Misal üçün, Y.Sadıqlı T.Yaqublunu Müsavat partiyasının qərarlarına hörmət etmədiyini yazdırmaqla, onun hələ də AXCP-nin egidası altındakı “Milli Şura”da aparıcı funksioner olmasını xatırladır, adamları isə bu kontekstdən yanaşmalar edib, Yaqublunun Müsavat partiyasının başqanı vəzifəsinə layiq olmadığını müxtəlif statuslarında qeyd edirlər.
Tofiq Yaqublu Əli Kərimlidən asılı qalıb
Lakin T.Yaqublunun sosial şəbəkədəki söz müharibəsində vəziyyəti daha yaxşıdır. Çünki ona bu məsələdə bilavasitə AXCP Ə.Kərimli yardmlar göstərir, trollarını bu məsələdə Yaqubluya dəstək göstərməyə çağırır. Daha dəqiq desək, Ə.Kərimli yaxşı bilir ki, əgər T.Yaqublu Müsavata başqan seçilərsə, Müsavat partiyası AXCP-nin yedəyinə çevrilib, onun dedikləri ilə oturub-duracaq. Yəni Ə.Kərimli T.Yaqubluya minnət qoyacaq ki, onu “Milli Şura”da mövqe sahibi edib və illərdir ki, maliyyələşdirib və s. Beləliklə, Yaqublu Kərimlinin vassalına çevrilib və müəyyən öhdəlikləri indidən üzərinə götürüb.
MNTK və Məclis üzvlüyü uğrunda da savaş gedəcək
A.Hacılıya gəlincə isə, onun hələ ötən qurultayda saxtakarlıq yolları ilə başqanlıq postuna sahib olması bu gün də unudulmayıb və yalnız namizədlər deyil, elə müsavatçıların əksəriyyəti onun idarəçiliyindən razı deyillər. Ona görə də, bütün hallarda hər bir namizədin sözügedən post uğrunda barışmaz, hətta amansız savaş aparacaqları bəri başdan görünür.Digər məqamlardan biri də Müsavatın qurultayında mərkəzi nəzarət-təftiş komissiyasının üzvlərinin və Məclis üzvlərinin seçilməsi prosesidir. Artıq həmin vəzifələr uğrunda da müsavatçılar arasında kəskin mübarizəyə başlanılıb. Bütün bunlar isə, belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, Müsavatın növbəti qurultayı da ötən qurultay kimi haray-həşirli, bol istefalı və parçalanmalarla müşahidə olunacaq. Artıq bütün bunların cücərtiləri yavaş-yavaş görünməyə başlayıb. Beləliklə, oktyabırn 12-i Müsavat partiyasının daha bir neçə addım geriləyəcəyi tarixdir.
Rövşən NURƏDDİNOĞLU