"Ermənilərin arxasında olan bəzi qüvvələr və ölkələr bilərəkdən status-kvonun saxlanılmasında maraqlıdır". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, danışıqlar 1990-cı illərin ortalarından bu yana davam etməkdədir: "Hər dəfə danışıqlarda, Qarabağla bağlı ABŞ, Qərb fəallıq göstərmək istəyəndə biz cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin intensiv şəkildə pozulmasının şahidi oluruq. Bəzi qüvvələr ABŞ-ın hər vəchlə münaqişə ilə bağlı fəallığına imkan vermək fikrində deyillər. İstər ABŞ, istər Fransa, istər Avropa İttifaqının, istərsə də Türkiyə və digər ölkələrin bu münaqişə ilə bağlı fəallığına bəlli qüvvələr izn verməyəcək. Çünki onların fikrincə bu münaqişə və ümumiyyətlə region məhz onların protektoratı altında olmalı və bu davam etməlidir. Amma başa düşmək lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Azərbaycanın da səbri tükənməz deyil”.Z. Məmmədov vurğulayıb ki, Rusiya və Ermənistan arasında münasibətlər indi öz tarixinin ən pis dövrünü yaşayır: “Amma ümumi götürdükdə Ermənistanın əli ilə Rusiya regionda öz maraqlarını reallaşdırmaqda davam edir. Son hadisələr də göstərir ki, istər Gürcüstana, istərsə də Azərbaycana pressinq etmək lazım olanda onlar öz əlaltıları olan ermənilərdən istifadə edirlər. Amma Azərbaycan dövləti bütün bu illər ərzində sülh danışıqlarına getməklə bərabər öz hərbi potensialını da gücləndirməkdədir. Bu gün Azərbaycanın hərbi gücü imkan verir ki, ermənilərin işğal etdikləri əraziləri bir neçə gün ərzində azad etsinlər. Təbii ki, beynəlxalq aləmin reaksiyasını və ümumilikdə dünyada baş verən prosesləri də yaxından izləmək lazımdır. Çünki Qarabağ münaqişəsi bu proseslərlə birbaşa əlaqəlidir. Heç də təsadüfi deyil ki, ABŞ-Rusiya qarşıdurmasında rəsmi Vaşinqton Balkanlarda, Şərqi Avropada öz məqsədlərinə çatandan sonra Cənubi Qafqazda möhkəmlənməyə çalışır. ABŞ üçün onun maraqlarını qoruyan və Rusiyanın cənub hüdudlarında öz hərbi-siyasi maraqlarını təmin edən konteks vacibdir. Azərbaycan istər ABŞ, istər Rusiya, istərsə də BMT TŞ-nın üzvü olan 5 dövlətdən münaqişənin nizamlanması ilə bağlı obyektivlik tələb edir”.Z. Məmmədov bildirib ki, Ermənistan kukla dövlətdir: “Elə son zamanlar biz Paşinyanın fəaliyyətində də bunu sezə bilərik. Onun bir-birini inkar edən (istər daxili, istərsə də xarici siyasətlə bağlı) bəyanatları hətta onun Ermənistanın daxilində Amulsar qızıl yatağı ilə bağlı ikili oyunu onu göstərir ki, Paşinyan müstəqil siyasi qərar qəbul etmək gücündə olan biri deyil”.
sia.az