Siyasət

  • 5 324

Hüseynbala Mirələmov: Azərbaycanda iqtisadi, siyasi və mədəni inkişafın keyfiyyətcə yeni modeli formalaşıb

image

“Hazırda Azərbaycan nail olduğu yüksək sosial-iqtisadi inkişaf səviyyəsi ilə dünyanın aparıcı dövlətlərinin, eləcə də beynəlxalq nüfuzlu təşkilatların diqqətini çəkməklə yanaşı, müxtəlif reytinq cədvəllərində də ilk sıralarda yer alır. Ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən sosial islahatlar, gerçəkləşdirilən mühüm infrastruktur layihələri və digər əməli tədbirlər düşünülmüş sistemli inkişaf strategiyası əsasında reallaşdırılır. Bu strategiyanın əsas xətti vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, insanların rifahının gündən-günə yüksəldilməsidir. Azərbaycanda mövcud iqtisadi sərbəstlik, özəl sektorun inkişafı istiqamətində yaradılan səmərəli şərait, demokratik ortam xarici əməkdaşlıq əlaqələrinin də miqyasının genişlənməsinə, ölkəyə investor axınına rəvac verir.” Bu fikirləri Milli Məclisin deputatı Hüseynbala Mirələmov söyləyib.

Hüseynbala Mirələmov qetd edb ki, Azərbaycanın “Doing Business 2020” reytinqində islahatçı ölkələr arasında ilk iyirmilikdə yer alması da yuxarıda qeyd etdiyimiz fikirlərin əyani təcəssümüdür: “Dünya Bankı ekspertləri hesab edir ki, ölkəmizin belə bir müsbət nəticəyə imza atması Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi və müqavilə intizamı sahələrində həyata keçirilən mühüm tədbirlərin real həyatda öz təsdiqini tapması ilə əlverişli biznes mühitinin formalaşmasının nəticəsidir. Davamlı uğurlar silsiləsi Azərbaycan iqtisadiyyatında müsbət meyillərin yüksələn dinamika ilə inkişafının göstəricisi kimi çox sevindiricidir. Bunu əlbəttə ki, ilk növbədə cənab Prezidentin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi sabitliyin təmin olunması, iqtisadi islahatların sistemli şəkildə aparılması, eləcə də xarici investisiya qoyuluşlarının həcminin artması üçün yaradılan əlverişli biznes mühiti şərtləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin indiyədək imzaladığı fərman və sərəncamlarda, təsdiq etdiyi Dövlət Proqramlarında qarşıya qoyulan hədəflərin reallaşması üçün zəruri olan tədbirlər müəyyən edilib. Bu hədəflər sırasında ölkənin mövcud iqtisadi potensialının gücləndirilməsi ilə yanaşı bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması nəzərdə tutulur. Bundan başqa bu hədəflər sırasında qeyri-neft sektorunun və insan kapitalının davamlı inkişafı, hər bir regionun özünəməxsus potensialından məqsədə müvafiq şəkildə faydalanma prinsipləri, yoxsulluğun minimum həddə qədər azaldılması kimi məsələlər də yer alır.
İqtisadi islahatlar istiqamətində səmərəli tədbirlərdən biri də dövlət səviyyəsində vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi yönündə görülən işlərdir. Səmərəli vergi islahatları həm də korrupsiya, inhisarçılıq və bunlardan qaynaqlanaraq respublikamızın sosial-iqtisadi inkişafının qarşısında maneə ola biləcək digər mənfi halların da aradan qaldırılmasına şərait yaradır. Vergi yükünün mütəmadi olaraq azaldılması və vergiyə cəlbetmə işində biznesin inkişafı naminə əsaslı tədbirlərin görülməsi də öz müsbət nəticələrini ortaya qoymaqdadır.
Xatırladaq ki, “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin institusional mühitin keyfiyyəti, aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı yeni hesabatında isə qeyd olunub ki, son dövrlər ərzində Azərbaycan islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə edib və bu, ölkənin dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.
Xatırlatmaq yerinə düşərdi ki, Prezidentimizin bir neçə il öncə təsdiqlədiyi və ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas qismi demək olar ki, artıq böyük uğurla gerçəkləşib.”
Prezident İlham Əliyevin sözügedən İnkişaf Konsepsiyasının təsdiqi ilə bağlı məlum Fərmanında da qeyd edildiyi kimi, astanasında olduğumuz 2020-cı ilə sayılı aylar qalan bir zamanda artıq əminliklə deyə bilərik ki, hazırda Azərbaycanda tarazlı və dayanıqlı inkişafının təmin olunduğu, əhalinin sosial rifahının yüksəldiyi, eləcə də cəmiyyətin bütün istiqamətlərdə sürətli tərəqqisini özündə ehtiva edən iqtisadi, siyasi və mədəni inkişafın keyfiyyətcə yeni modeli formalaşıb.

Hüseynbala Mirələmov,
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri

yap.org.az

Digər xəbərlər