Son günlərdə Azərbaycanda yuxarı hakimiyyət orqanlarında kadr dəyişiklikləri Azərbaycanda gedən islahatçılıq prosesinin tərkib hissəsidir. Bunu SİA-ya müsahibəsində millət vəkili Aydın Mirzəzadə deyib.Millət vəkili qeyd edib ki, Azərbaycan öz dövlətçilik inkişafında zaman-zaman daha yüksək mərhələyə qalxır və bir dövrdə dövlətçiliyə, inkişafa öz tövhəsini vermiş insanların yenisi ilə əvəzlənməsinə ehtiyac yaranır. Yeni simaların yeni enerji, yeni baxış olduğunu vurğulayan deputat xüsusilə diqqətə çatdırıb ki, bir tərəfdən əvvəlkilərin fəaliyyətinə yüksək qiymət verilir, dövlətə xidmətinə görə təşəkkür edilir, eyni zamanda, gənclərə də yol açılır. Bu, zamanın tələbidir, bu, bütün dünyada tətbiq edilən proqressiv bir yanaşmadır və Azərbaycanda da tətbiq edilməkdədir.“Mən deməzdim ki, kadr dəyişikliyi ancaq son zamanda baş verir. Biz diqqət etsək, görərik ki, hər dövrdə yeniləri əvəzlənir, yeni simalar gəlir. Biz dövlətə xidmət edən, Prezidentin komandasında layiqli yer tutan yeni insanlara rast gəlirik. Son dövrdəkilərin əlbəttə, ölkənin həm dövlətçilik, həm də iqtisadi sahədə inkişafında yeni yanaşma tətbiq edən kadrlar olduğunun şahidiyik. Hesab edirəm ki, yeni təyinatlar qarşımıza qoyulan vəzifələrin daha yüksək səviyyədə və daha səmərəli həyata keçiriləcəyinə ümidlərimizi doğruldacaq. Əsas məqam ondan ibarətdir ki, yeni təyin edilənlər Azərbaycan cəmiyyətinə tanış insanlardır. Onlar əvvəlki postlarında öz fəaliyyətləri ilə müsbət nəticə ortaya qoya biliblər. Onların iş metoduna, onların yanaşmasına, onların dövlətə, Prezidentə sədaqətinə hər hansı bir şübhə ola bilməz. Bir sözlə, aparılan uğurlu siyasi kurs kadrların yeni vəzifələri ilə bir daha həyata keçirilir. Hesab edirəm ki, Prezidentin kadr siyasətində həm gənclərə zaman-zaman yer verilir, eyni zamanda təcrübəli insanların da potensialından maksimum istifadə edilməsinə önəm verilir. Aparılan kadr dəyişiklikləri şübhəsiz ki, Azərbaycanın qarşısında duran problemlərin daha çevik və daha keyfiyyətli həll edilməsinə gətirib çıxaracaqdır. Cənab Prezident nazirləri qəbul edərkən də problemlərdən məlumatlı olduğunu və həmin məsələləri qruplaşdırdığını görürük. Digər tərəfdən isə təyin edilən insanların qarşısına konkret vəzifələr qoyulur. O vəzifələr ki, Azərbaycanın müstəqilliyini möhkəmlətməli, iqtisadiyyatımızı inkişaf etdirməli, insanların sosial vəziyyətinin daha da güclənməsinə xidmət etməli və hər bir Azərbaycan vətəndaşının maraqlarının aparılan siyasətin mərkəzində durmasına kömək etməlidir. Hesab edirəm ki, təyinatlar düzgün aparılıb və təyin edilən şəxslər Prezidentin etimadını doğruldacaq", deyə millət vəkili bildirib.
sia.az