“Prezident İlham Əliyev çox açıq mesajlar verdi və bildirdi ki, ötən il keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda Azərbaycanda başlanılan yeni islahatların əsas istiqamətlər üzrə hədəfləri elan etdim. İslahatların əsas hədəflərindən biri də dövlət qurumlarının fəaliyyətinin yeni dövrə, çağırışlara uyğun qurulmasıdır. Yeni çağırışlar nədir? Yeni hədəflər bürokratik idarəetmədən uzaqlaşmaqdır, şəffaflıqdır, köhnə məmurçuluqdan əl çəkməkdir, vətəndaşa xidmət etməkdir, yeniliyə uyğunlaşmaqdır”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.Deputatın sözlərinə görə, təəssüf ki, dövlət orqanlarında olan bəzi vəzifəli şəxslər iqtisadi və sosial sahədə bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olurlar, islahatlara qarşı çıxış edirlər: “Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə hökumətin işinə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar. Ona görə də, köhnə təfəkkürə malik bu adamlarla sürətlənən islahatlar kursunda bərabər addımlamaq mümkün deyil, artıq yeni komandada onlarla davam edilə bilməz. Dövlət başçısı da konkret və qəti xəbərdarlıq etdi, bütün dövlət məmurları artıq dərinləşdirilən bu islahatların ruhuna uyğun işləməlidirlər. Əgər bacarmırlarsa, belə adamlarla bir yolun yolçusu ola bilmərik.Azərbaycan İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək mərhələsinə daxil olub. Yeni iqtisadi idarəetmənin və şəffaf iqtisadiyyatın qurulması Azərbaycanın yaxın illərdə yüksək inkişafa və keyfiyyətli həyat şəraitinə çatmasına imkan verəcəkdir. Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanı yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olmasını təmin edəcək. Qarşıdakı illərdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi də cənab İlham Əliyevin hədəflədiyi sahələrdir”.
sia.az