“Azərbaycanda kadr islahatları, eləcə də struktur dəyişikliklərinin aparılması istiqamətində addımlar çox mühümdür. Bacarıqlı, qabiliyyətli, Vətənini sevən gənclərin yeni vəzifələrə cəlb edilməsi, dövlət idarəçilik sisteminin yenidən qurulması baxımından vacibdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.Deputat bildirib ki, kadr islahatların aparılması həm də vətəndaşların problemlərinin həlli istiqamətində mühüm əhəmiyyət kəsb edir: “Bilirsiniz ki, Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilməmişdən əvvəl bu sahə ilə bağlı bir sıra narazılıqlar var idi. Həttə həmin sahədə şəffaflığın yaradılacağına şübhə ilə yanaşanlar da var idi. Amma Mikayıl Cabbarov həmin vəzifəyə təyin edildikdən sonra az müdddət ərzində həm kadrların dəyişdirilməsi, həm struktur islahatlarının aparılması, həm də öz işgüzar və bacarığı ilə göstərdi ki, ən çətin nazirlikdə neqativ halları aradan qaldırmaq mümkündür. 9 ayda Vergilər Nazirliyi eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə 700 milyon vəsait daxil olub. Bu, çox böyük rəqəmdir”.Ölkə başçısının həyata keçirdiyi islahatların müsbət nəticələr verdiyini deyən T. Rzayev söyləyib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu addımlar bundan sonra da davam etdiriləcək: “ Prezident İlham Əliyev 2018-ci ildə keçirilən seçkilərdən sonra kadr islahatlarının anonsunu vermişdi. Hazırda həyata keçirilən işlər məhz bu anonsun əməli göstəricisidir”.Deputat qeyd edib ki, yaşından asılı olmayaraq qabiliyyətli kadrlar irəli çəkilməlidir: “ Vəzifəsindən asılı olamayaraq hər kəs də bir vətəndaş olaraq Azərbaycana xidmət etməlidir”.
sia.az