"Prezident İlham Əliyev 2018-ci ildə yenidən prezident seçildikdən sonra andiçmə mərasimində ölkəmizdə aparılan islahatlarla bağlı anons vermişdi. Sözügedən seçkilərdən sonra ölkəmizin qtisadi həyatında böyük dəyişikliklərin baş verdiyinin şahidi olduq". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.O bildirib ki, cari ilin 9 ayın göstəriciləri də aparılan islahatların uğurlu nəticələrinin olduğunu bir daha sübut etdi.Onun sözlərinə görə, Azərbaycanda aparılan iqtisadi islahatlar, həm də sosial islahatlarla dərinləşdi, sosial islahatlar da ölkəmizdə idarəetmə sisteminin yenidən qurulması, struktur islahatlarınının həyata keçirilməsini şərtləndirdi.Deputat söyləyib ki, Azərbaycan müstəqil dövlət olaraq dünyanın çağırışlarına uyğun idarəetmə sistemi qurur, dünyada baş verən proseslərlə ayaqlaşaraq paralel inkişaf edir: "Bu paralel inkişafdan geri qalmamaq üçün daha da yeni təfəkkürlü, kreativ düşüncəli kadrların dövlət idarəetmə sistemində təmsil olunmasına ehtiyac duyulur və Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar da buna xidmət edir. Baş nazirin dəyişilməsi, keçmiş iqtisadiyyat naziri Şahin Mustafayevin baş nazirin müavini vəzifəsinə təyin edilməsi, yenidən struktur islahatların həyata keçirilməsi ilə bir neçə qurumun birləşdirilməsi və Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunması artıq Azərbaycanın yeni idarəetmə sisteminə qədəm qoyduğunu deməyə imkan verir".Azərbaycanda daha operativ, məqsədyönlü, çevik idarəetmə sisteminin yaradılması istiqamətində işlərin görüldüyünü deyən A. Badamov qeyd edib ki, yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov bundan əvvəl çalışdığı digər nazirliklərdə uğurlu fəaliyyətini qurub, iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atıb: "Cari ilin 9 ayı müddətində vergi sistemində verilən proqnozdan əlavə 350 milyon vəsaitin yığılması bunu deməyə imkan verir. Bu uğurlu icra təbii ki, iqtisadiyyat nazirliyində bir neçə qurum birləşdirərək idarə olunmasında özünü göstərəcək".
sia.az