Bu gün MDB PAA İştirakçısı Olan Dövlətlərdə Demokratiyanın, Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının təşkilatçılığı ilə "Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, seminarda MDB PAA-nın nümayəndələri, millət vəkilləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və digərləri iştirak ediblər. Tədbirdə ilk çıxış edən MDB PAA DİMBİ-nin Bakı filialının direktori Elman İmaməliyev söyləyib ki, bugünkü mövzumuz aktualdır: " Çünki movzumuz hər zaman diqqət mərkəzində olan vətəndaş cəmiyyətlərinin atributlarından biri, əhalinin yerlərdə problemlərini həll edən yerli özünü idarəetmə orqanlarına həsr olunub. 1991-ci ildə ölkə müstəqilliyini əldə etməyimizə baxmayaraq, bütün işlər Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Milli qanunvericiliklə bağlı işlər də məhz Konstitusiya qəbul olunduqdan sonra yenidən təkmilləşməyə başladı. Azərbaycanın beynəlxalq aləmdə müstəqil ölkə kimi görmək istəyən Ulu Öndər ali qanuna yeni bölüm bələdiyyələrin təşkili ilə bağlı əlavə fəsil əlavə edərək idarəetmə sisteminə yenilik gətirdi". E.İmaməliyev söyləyib ki, ötən illərdə bələdiyyələrin fəaliyyətində uğurları və neqativ hallar da olub:" Amma son illər onların fəaliyyətində irəliləyişlər görmək mümkündür. Onlar sosial problemlərin və digər məsələlərin həllində böyük rəğbət atmaq qazanıblar. Onların fəaliyyət dairələri genişləndikcə bələdiyyələrin gördüyü işlərə maraq artır. Bu baxımdan istər elm adamları, tədqiqatçılar tərəfindən bu mövzuda geniş araşdırma işləri aparılır, müxtəlif tədbirlər həyata keçirilir. Ümumiyyətlə, bu cür tədbirlərin həyata keçirilməsi, araşdırmaların aparılması çox önəmlidir. Hesab edirəm ki, bugünkü tədbir bu sahəyə öz töhfəsini verəcək, burada çıxışlar toplu şəklində çap olunacaq". Daha sonra çıxış edən Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə söyləyib ki, Azərbaycanda bələdiyyələr öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Onun sözlərinə görə, əsas məsələ bələdiyyələrlə əhali arasında əlaqələrin yaradılmasıdır: "Bizdə çoxları elə düşünür ki, vətəndaş cəmiyyəti insanlara xidmət üçün yaradılan təşkilatdır: Lakin bu elə deyil. Vətəndaş cəmiyyəti əhalinin özünün təşkilatıdır, öz vəsaiti hesabına yaranır və onlara istəklərinə görə xidmət edir. Bu da vətəndaş cəmiyyətinin əsas bəndlərindən biridir. Vətəndaş cəmiyyətini yaratmaqdan ötrü ilk növbədə hüquqi dövlət, yerli özünü idarəetmə orqanları, azad mətbuat və ictimai birliklər olmalıdır. Bütün bunların hamısı Azərbaycanda var. Biz bu istiqamətdə çox yaxşı gedirik. Lakin insanların fəallığı lazımdır". Daha sonra çıxış edən millət vəkili Tahir Rzayev vurğulayıb ki, Azərbaycan demokratik sivil ölkədir və ölkəmizdə bələdiyyələrin xüsusi rolu vardır. O bildirib ki, Ulu öndər Heydər Əliyevi bələdiyyələrin yeri və rolunu yüksək qiymətləndirdiyi üçün Konstitusuyaya xüsusi bənd salınıb: "Bəzən Azərbaycanda bələdiyyə institutunun olmadığını, fəaliyyətinin aşağı olduğu qənaətinə gəlirlər. Bələdiyyə inkişaf etdikcə onların üzərinə əlavə səlahiyyətlər qoyulur ki onlar bunu icra etməlidirlər. Lakin təcrübəyə baxsaq heç bir ölkədə bələdiyyələrə müstəsna səlahiyyət verilməyib. O müəyyən qaydada qanunlar çərçivəsində fəaliyyət göstərməlidir. Bu gün bələdiyyələr yerli sosial iqtisadi əhəmiyyətli işlə məşğul olan orqanlardır. Bələdiyyələr yol çəkilişi və digər işlərlə məşğul olurlar. Son qanunlara nəzərə salanda bələdiyyələrin üzərinə xüsusi səlahiyyətlərin qoyulduğunu görürük". T.Rzayev qeyd edib ki, Azərbaycanda bələdiyyə ilə bağlı problem vətəndaşla bələdiyyələrin yaxınlaşmamasıdır. Vətəndaşla bələdiyyə arasında yaranan problem onların fəaliyyətinin zəifləməsinə gətirib çıxarır: "Təklif edərdim ki gələcəkdə bələdiyyə sədrləri birbaşa əhali tərəfindən seçilsin. Bu bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə qurulmasına şərait yarada bilər. Son bələdiyyə seçkilərində gənclərin, qadınların burada təmsil olunması bələdiyyələrin fəaliyyətinə yüksək səviyyədə təsir göstərib. Burada gənclərin və qadınların təmsilçiliyi 10 faiz artıb. Bu il ölkəmizdə bələdiyyə seçkilərinin yüksək səviyyədə keçiriləcəyinə əminəm. Azərbaycan nə qədər müstəqil siyasət yürüdəcəksə bələdiyyələrin fəaliyyəti lazımdır". Tədbirdə millət vəkilləri Azər Badamov, Kamran Bayramov, Pərvin Kərimzadə ölkəmizdə bələdiyyələrin fəaliyyəti, Dövlət tərəfindən özünüidarəetmə orqanlarının fəaliyyətinə dair yaradılan yüksək şəraitdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanda bələdiyyələr inkişaf edir və növbəti seçkilər bu inkişafa daha böyük töhfəsini verəcək. MDB PAA DİMBİ-nin direktoru vəzifəsini icra edən Yekaterina Qoloulina MDB ölkələrində bələdiyyələrin fəaliyyətindən və bu sahə ilə bağlı qanunverıcilikdən söz açıb. Tədbirin davamında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi vəzifəsini icra edən Rəhman Məmmədov söyləyib ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi özünü təsdiq edib: " Ötən bələdiyyə seçkilərində seçki fəallığı bir daha sübut edib. Son seçkikərdə bələdiyyədələrdə təmsil olunan qadın və gənclərin sayı durmadan artmaqdadır. Ötən dövr ərzində Ədliyyə Nazirliyi tərəfindən 1650-yə yaxın maarifçilik işlərinə 75 min bələdiyyə üzvü cəlb olunub". Seminar müzakirələrlə davam edib.
sia.az