PDF Oxu

Siyasət

  • 3 513

Azərbaycanın növbəti diplomatik zəfəri

Azərbaycanın növbəti diplomatik zəfəri

120 dövlətin mövqeyi: Ermənistan işğalçı dövlətdir

Ötən həftə Azərbaycan Respublikasının diplomatiya tarixində çox uğurlu bir hadisə baş verdi. Oktyabrın 25-26-da Bakıda dünyanın BMT Baş Assambleyasından sonra ikinci ən böyük - 120-dən çox ölkəni özündə birləşdirən, siyasi nüfuzu çox böyük olan Qoşulmama Hərəkatının Zirvə Toplantısı keçirildi. Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının iştirakı ilə keçirilən Zirvə Tolantısının Yekun Bəyannaməsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Yekun Bəyannamənin bəndləri qəbul edildi. Və bu Yekun Bəyannamənin, xüsusilə də, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəndlərində Ermənistan işğalçı dövlət kimi tanındı, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olundu. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğuladılar.

Dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayaraq, təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək.

Sənədə “işğalçı” ifadəsinin salınması Ermənistanın təcavüzkarlığını bir daha sübuta yetirdi

Sənədə, “işğalçı” ifadəsinin salınması, Ermənistanın təcavüzkarlığını bir daha sübuta yetirdi və Ermənistan 120 dünya dövləti tərəfindən işğalçı kimi tanıdı. Həmçinin, Yekun Sənəddə dövlət və hökumət başçıları nasist hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucaldılması, nasist keçmişi, nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də, anti-Hitler koalisiyasına qarşı döyüşmüş və nasist hərəkatının iştirakçıları ilə iş birliyi təşkil etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi də daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınadılar.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş Sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.

Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub: “Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Azərbaycanın böyük diplomatik uğuru

Beləliklə, Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində, Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail oldu.

Eyni zamanda, görüşdə iştirak edən dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipini yenidən təsdiqlədilər və tərəfləri münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında danışıqlar yolu ilə həll olunmasına ruhlandırdılar.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə etdiyi çıxışda Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, eləcə də, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha geniş şəkildə məlumatlandırdı. Eyni zamanda, ölkəmizin son 15 ildə siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə qazandığı uğurlar barədə də ətraflı məlumat verdi.

Həmçinin, dövlət başçımız çıxışında QH-yə sədrlik dövrü üçün əsas prioritetlərimizi də açıqladı və qeyd etdi ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Prezident İlham Əliyev Azərbaycanın QH-yə sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bildirdi. Həmçinin, ölkəmizin QH-nin beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək və dayanıqlı inkişafa və ədalətin təmin olunması üçün var gücü ilə çalışacağını söylədi.

Qabil Hüseynli: “Zirvə görüşündə Azərbaycana qarşı erməni işğalını tanıdılar və bununla da, BMT-yə çox ciddi mesaj verildi”

Politoloq Qabil Hüseynli Qoşulmama Hərəkatının 18-ci konfransının Bakıda keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, BMT tədbirlərindən sonra beynəlxalq tədbirlər sırasında ikinci yeri tutan möhtəşəm bir hadisə idi: “Ölkəyə 120 dünya ölkəsinin hökumət və dövlət başçısı, xarici işlər nazirləri, eləcə də, BMT başda olmaqla, ondan artıq beynəlxalq qurumun rəhbər heyətinə daxil olan şəxslər gəlmişdi. İndiyə qədər hərəkat dünyada sülh və təhlükəsizlik məsələlərini, dünyanı təhdid edən müxtəlif fəlakət xarakterli, sürətlə silahlanma xarakterli məsələləri belə geniş və ətraflı müzakirə etməmişdi.

Bizim üçün maraqlı olan odur ki, sədrlik artıq Azərbaycana və onun rəhbəri İlham Əliyevə keçib. Üç il ərzində ölkəmiz bu hərəkata rəhbərlik edəcək. Bizim üçün ən əlverişli olan o idi ki, konfransın Yekun Sənədinə Dağlıq Qarabağla bağlı çox geniş, obyektiv, eyni zamanda, dünya ictimai rəyinə ciddi təsir göstərə biləcək müddəalar daxil edildi. Məsələn, 120 dövlətin bu müddəaya səs verməsi o deməkdir ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və bu işğal edilmiş ərazilərdə etnik təmizləmə aparılması, hələ də bu torpaqların işğal altında qalması, bir milyondan artıq insanın zərər çəkməsi faktı Bakı sənədində öz əksini tapmaqla, dünya ictimai rəyi üçün çox qiymətli məlumatlar verdi. Açığı deyək ki, indiyə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünün siyasi anatomiyasına açmaqda nə qədər cəhd edirdiksə, bəzi dövlətlər ikili standartlarla bu məsələlərə yanaşaraq, məsələni görməzlikdən gəlir və Ermənistanı işğalçı dövlət kimi tanımaq istəmirdilər. Amma Bakıda Qoşulmama Hərəkatı, onun aparıcı liderləri, Pakistanın baş naziri, bir sıra ərəb ölkələrindən gəlmiş baş nazir səviyyəsində şəxslər, birmənalı olaraq, Azərbaycana qarşı erməni işğalını tanıdılar və bununla da, dünyanın aparıcı təşkilatı olan BMT-yə çox ciddi mesaj verdilər. Onu da deyim ki, BMT baş katibinin müavini də bu tədbirdə iştirak edirdi. Tədbirdə bildirildi ki, işğal faktı tanınmalıdır və işğal faktı tanınmadıqca, işğalçı öz niyyətlərindən əl çəkməyəcək, bölgədə sabitlik, iqtisadi inkişaf təmin edilməyəcək, Ermənistanın arxasında duran və onu müxtəlif manevrlərlə müdafiə edən dövlətlərə daha bir xəbərdarlıq olunmalıdır”.

“Azərbaycan Qoşulmama Hərəkatının konfransını öz ölkəsində keçirməklə arxasında necə bir gücün, ictimai rəyin dayandığını dünyaya sübut etdi” fikrini söyləyən Q.Hüseynli onu da vurğuladı ki, erməni işğalçılarının bədxah niyyətlərinin açılmasında çox güclü və səmərəli bir addım atıldı: “Zənnimcə, bundan sonra Bakının həm diplomatik manevrləri güclənəcək, həm də qismət olacaqsa, danışıqlar stolu ətrafında, qismət olmayacaqsa, başqa meydanlarda öz ərazi bütövlüyünü təmin etmək üçün daha cəsarətli və güclü siyasət aparmağa meyillənəcək. Ermənistan başa düşməlidir ki, dünya ictimai rəyində, informasiya müharibəsində uduzub. Dünya ictimai rəyi Azərbaycanın tərəfindədir. Eyni zamanda, təkcə onun işğalçı kimi BMT tərəfindən tanınması qalır. Və bu işğalçı kimi tanındıqdan sonra ona qarşı BMT-nin tədbirlər sisteminin işə salınması qalır”.

Fikrət Sadıqov: “Azərbaycanın nüfuzlu təşkilata 3 il müddətinə sədrlik etməsi diplomatik və siyasi uğurdur”

Politoloq Fikrət Sadıqov isə bildirib ki, bu, Azərbaycanın dünyadakı yüksək nüfuzundan xəbər verir: “Qoşulmama Hərəkatının dünya siyasətində, beynəlxalq münasibətlər sistemində bir sıra qərarlara təsiredici effekti olmalıdır. Qoşulmama Hərəkatı bir neçə qitədə yerləşən dövlətləri özündə birləşdirən təşkilatdır və yüksək nüfuza malikdir. Onların dünya siyasətində baş verən bir sıra proseslərə təsir gücü artıq dərəcədə effektli ola bilər”.

F.Sadıqov qeyd edib ki, Azərbaycanın sözügedən təşkilata 3 illik sədrliyi zamanı bizi narahat edən, maraqlandıran bir sıra məsələlər, o cümlədən, dünya siyasətində stabillik, təhlükəsizlik, separatçılığa, terrorizmə qarşı ciddi mübarizə və digər məsələləri qeyd edə bilərik: “Artıq separatçılıq bir sıra qitələrdə müşahidə olunur və bizi də narahat edən məqamdır. Üzv dövlətlər bu istiqamətdə öz gücünü, öz effektivliyini göstərməlidirlər və göstərirlər. Artıq bir neçə qətnamələr qəbul olunub. Azərbaycanın nüfuzlu təşkilata 3 il müddətinə sədrlik etməsi diplomatik və siyasi uğurdur. Çünki Azərbaycan təşkilatın gənc üzvlərindəndir və 2011-ci ildən hərəkata qoşulub. Bu təşkilata sədrliyin Azərbaycana həvalə olunması bizim yüksək nüfuzumuzdan xəbər verir. Artıq Azərbaycana inanırlar, etimad edirlər. Bir sıra məsələlərin gündəmə qoyulmasını və həll olunmasını gözləyirlər. Azərbaycanın təşkilata sədrliyi dövründə görülən işlər daha da effektli olacaq. Ölkəmizin nüfuzu qalxacaq”.

Beləliklə, hər bir ölkənin inkişafı və xalqın təhlükəsizliyi o ölkənin prezidentinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində həyata keçirilir. Məhz əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, Zirvə görüşündə də Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim beynəlxalq tribunalardan öz kəskin, qətiyyətli mövqeyini ifadə etməsinin nəticəsidir ki, bu mötəbər görüşdə 120 ölkənin rəhbərləri Ermənistanı işğalçı dövlət kimi tanıdılar. Bir sözlə, hər dəfə olduğu kimi, bu mötəbər Zirvə görüşündə də Prezidenti İlham Əliyevin düşünülmüş diplomatik siyasəti qarşısında Ermənistan iqtidarı bir daha məğlubiyyətini aldı.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər