PDF Oxu

Siyasət

  • 4 642

Zəngilanın işğalından 26 il ötür

Zəngilanın işğalından 26 il ötür

Oktyabrın 29-da Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 26 il ötür. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmən hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qubadlı və Cəbrayılın işğalı nəticəsində, mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks-təqdirdə, ikinci bir Xocalı Soyqırımının baş verməsi qaçılmaz olacaqdı.Zəngilan inzibati rayon kimi, 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistanla həmsərhəddir. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bugünədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 min nəfərdən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl, bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki-peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz ərazilərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq. Bunu 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağının qaldırılması sübuta yetirdi. Dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə hərtərəfli formalaşan qüdrətli Azərbaycan Ordusu və xalqımızın mübariz ruhu işğal olunmuş torpaqlarımızı gec-tez erməni işğalından azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq və minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaqdır.Onu da qeyd edək ki, digər məcburi köçkünlər kimi, zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülüb. Lakin bu diqqət zəngilanlıların doğma ocağa qayıtmaq arzusunu unutdurmayıb. Onlar inanırlar ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və həmin vaxt çox da uzaqda deyil.

sia.az

Digər xəbərlər